14 fevral 2011 16:51
“Ümid edirəm ki, yaxın gələcəkdə komandalarımız daha böyük nailiyyətlər qazanacaqlar”
Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Birlik Kuboku”nu qazanmış Bakının “İnter” klubunun futbolçularını və məşqçilərini qəbul edib. Azerisport.az xəbər verir ki, ölkə başçısı Rusiyada keçirilən turnirdə qazanılmış qələbə münasibətilə futbolçuları, məşqçiləri və mütəxəssisləri təbrik edərək deyib:
“İnter” komandasının bütün nümayəndələrini, bütün üzvlərini MDB-nin “Birlik Kuboku” yarışlarında qazanılmış inamlı qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu, artıq gözəl ənənədi. Bizim komandalarımız “Birlik Kuboku” yarışlarında üçüncü dəfədi ki, birinciliyi əldə edirlər. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, indi isə “İnter” komandası bu mötəbər yarışda qalib gəlmişdir. Bu, çox böyük qələbədi, hadisədi. Bir daha sizi – futbolçuları, məşqçiləri, bütün idman mütəxəssislərini bu qələbə münasibətilə təbrik edirəm.
Yarışlar çox gərgin keçmişdir. Bizim komandamız altı oyunda qələbə qazanmışdır. Mənə verilən məlumata görə, 16 top vurmuş, öz qapısından isə bir top da buraxmamışdır. Bu, özlüyündə böyük bir göstəricidir. Hər bir oyun çox vacib idi, amma sirr deyil ki, Azərbaycan azarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyun idi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyük üstünlüklə qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz.
Bir sözlə, bu qələbə onu göstərir ki, Azərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır. Futbol inkişaf edir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm qoyubdur, həm də klublarımız. Deyə bilərəm və siz də yaxşı bilirsiniz ki, klublarımız daha böyük qələbələr əldə edirlər.
Azərbaycan çempionatı da maraqlı keçir və ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim komandalarımız daha böyük nailiyyətlərə çatacaqlar.
Azərbaycan azarkeşləri, əslində, idmançılarımızın qələbələrinə bir növ öyrəşmişlər. Müxtəlif idman növlərində bizim böyük nəticələrimiz var. Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə ki, futbolda əldə edilmiş qələbə xüsusi məna daşıyır. Mən bu böyük qələbə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Komandaya yeni uğurlar arzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərini sevindirəcəksiniz”.
Daha sonra prezident İlham Əliyev Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görməyin vacibliyini vurğuladı, hazırda federasiyanın fəaliyyətinin gücləndiyini, klub və uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətin artırıldığını bildirib. Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişaf etdirildiyini deyən prezident İlham Əliyev futbolun ölkəmizdə həmişə sevildiyini vurğulayıb. Azərbaycan komandasının hələ SSRİ dövründə ölkə çempionatında bürünc medal qazandığını xatırladan dövlətimizin başçısı müstəqillik illərində respublikamızın futbol klublarının bir çox yarışlarda iştirak etdiyini, qazanılan hər bir qələbənin hamımızı sevindirdiyini bildirib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü işi Azərbaycanda futbolun inkişafını daha da sürətləndirəcəkdir. Hazırda bir çox mütəxəssislərin Azərbaycan çempionatının səviyyəsinin yüksəldiyini vurğuladığını deyən prezident komandalarımızın beynəlmiləl tərkibinin inkişafa xidmət etdiyini söyləyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün xalqların nümayəndələri həmişə dostluq şəraitində yaşamış və ölkəmizin inkişafına çalışmışlar.
“İnter” komandasının böyük gələcəyinin olduğunu deyən İlham Əliyev bir daha bildirib ki, Azərbaycan dövləti gələcəkdə də futbolun inkişafına böyük diqqət yetirəcəkdir. Dövlət başçısı bu sahədə infrastrukturun inkişafı, stadionların tikintisi ilə bağlı böyük planların olduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun inşasına başlanılacağını xatırladıb.
“İnter”in oyunçusu Rövşən Əmiraslanov Azərbaycanda futbolun inkişafına hərtərəfli qayğısı və dəstəyinə görə prezident İlham Əliyevə futbolçular, “İnter” klubu və futbol ictimaiyyəti adından minnətdarlığını bildirib.
“İnter” klubunun prezidenti Georgi Nikonov “Birlik Kuboku”nu və medalını, üzərində “İnter” futbolçularının imzası olan topu, habelə komandanın futbol geyimini dövlət başçısına hədiyyə edib.
Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev də iştirak edib.
