14 fevral 2011 17:36
Bakı Turan`la oyunun hazırlıqlarına başladı
“Bakı” bu gün “Turan”la oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda evdə “Muğan”la heç-heçə sayəsində “altılığ”a düşmək yolunda işini çətinləşdirən komanda bu səbəbdən son 2 qarşılaşmada yalnız qələbə qazanaraq 6 xal toplamağı hədəfləyib.
İndi “zolaqlılar” 21-ci turun səfər oyununa ciddi hazırlaşır. Komanda saat 12-də klubun təlim-məşq bazasında baş tutan məşqdə 3 qrup halında çalışıb. Birinci qrupa “Muğan”la oyunda meydanda olanlar, ikinci qrupa ehtiyat heyətin oyunçuları, üçüncü qrupa isə zədəsi tam sağalmayan futboçular daxil edilib. Baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında bir saat davam edən məşqdən sonra futbolçular sauna və masaj prosedurlarını yerinə yetiriblər.
Zədəsi olan müdafiəçi Rafael Əmirbəyov fərdi proqramla yüngül qaçışla kifayətlənib. Məşqdə yer almayan Ernad Skuliç əməliyyatdan sonrakı bərpa prosesini keçir. Çalışmalardan kənar qalan fransız Stefan Borbikoninin isə yaxın günlərdə məşğələlərə başlaya biləcəyi söylənilir.
