14 fevral 2011 18:02
Əziz Quliyev: Bütün bu əgərlər məni yaman qıcıqlandırır
“Bakı”nın yarımmüdafiəçisi Əziz Quliyev azerisport.az saytına müsahibəsində “Muğan”la oyundan sonrakı şansları barədə danışıb.
- “Muğan”la oyunda nə baş vermişdi, niyə qələbə qazana bilmədiniz?
- Komanda üzərində böyük psixoloji təzyiq var. Başa düşürük ki, hər xal itkisi bizim üçün nexə baha başa gəlir. Təbii ki, hesabı açmağımıza rəğmən, sonda qol buraxmağımız çox pis oldu. İki vacib xal itirmiş olduq.
- Bəlkə hazırlıqda nəsə problem var?
- İstənilən halda biz qələbə qazanmağa borclu idik. Bizim çoxlu şanslarımız var idi. Ancaq hamısını boşa verdik. Elə qol epizodlarını dəyərləndirə bilmədik ki, sonradan onların təkrarına baxanda sadəcə inana bilmirsən. İstənilən halda son nöqtəni qoymaqda çətinlik çəkirik. Problemin nədən qaynaqlandığını isə bilmirəm.
- Ancaq digər oyunların nəticələri hamısı sizin xeyrinizə nəticələndi. Yoxsa siz, belə düşünmürsüz?
- Bəli, elədi. AZAL heç-heçə etdi, “Qəbələ” “Qarabağ”a uduzdu. Hər şey bizim öz əlimizdə idi, ancaq biz özümüz bunu dəyərləndirə bilmdəik. Bizdən qələbə tələb olunurdu ki, onu da qazana bilmədik.
- Matçdan sonra Aleksandr Starkov nə dedi?
- Bunu mən sizə deyə bilməyəcəm. Komandamız bir ailədi və baş məşqçimiz nə deyirsə, bütün bunlar da ailənin içində qalmalıdı.
- Hələ də ilk altılığa düşmək şanslarınızın qaldığına inanırsız?
- Bizim cəmi iki oyunumuz qalıb. “Turan”a da, AZAL-a da qalib gəlməliyik. Ancaq bu, çox çətin olacaq. Tovuzda pis hava şəraiti stadionu da çox güman ki, bərbad vəziyyətə qoyub. Vəziyyətin bu yerə gəlib çıxmasında yeganə günahkar özümüzük.
- Əgər ilk altılığa düşməyi bacarmasaz necə olacaq?
- Bu haqda düşünməyə qorxuram. Bütün bu “əgər”lər məni yaman qıcıqlandırır. Mən komandamızı ikinci altılıqda təsəvvür edə bilmirəm. Bizim bu çətin vəziyyətdən çıxmaq üçün yetərincə gücümüz var.
