15 fevral 2011 14:14
“Jaba və Roşa son şans verilməsini xahiş etdilər”
Xəbər verdiyimiz kimi, “Bakı”nın baş məşqçisi Aleksandr Starkovun heyətdən kənarlaşdırdığı braziliyalı futbolçular Roşa və Jaba bu gün əsas komandanın səhər məşqinə qatılıblar. Azerisport.az xəbər verir ki, Antalyada keçirilən təlim-məşq toplanışına gecikən və bu səbəbdən əvəzedici komandanın düşərgəsinə göndərilən braziliyalı futbolçuların cəzası yüngülləşdirilib.
Komandanın baş məçqçisi Aleksandr Starkov qərarını belə izah edib: "Hər iki futbolçu ilə söhbətimiz oldu. Onlar səhvlərini başa düşdüklərini bildirdilər və bir daha belə hallara yol verməyəcəkləri barədə söz verdilər. Jaba və Roşa məndən onlara son şans verilməsini xahiş etdilər. Eyni zamanda rəhbərliyin də mövqeyini nəzərə alaraq bu iki futbolçunun əsas heyətə qaytarılması barədə göstəriş verdim. İnanıram ki, onlar mənim, klub rəhbərliyinin və azarkeşlərin ümidlərini doğruldacaqlar”.
