15 fevral 2011 16:54
Rəşad Sadıqov: Başqa çempionatlarda da gücümü sınamaq istəyirəm
Yığma komandamızın kapitanı bu gün “Qarabağ”a dönüşü münasibətilə təşkil olunan təqdimat mərasimində “Eskişehirspor”dan ayrılması, Ağdam klubuyla qısa müddətə müqavilə imzalaması, Rusiya klubuna keçmək şansları və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az həmin mətbuat konfransını təqdim edir.
- “Eskişehirspor”dan gedişinizə nə mane oldu? Çoxları belə iddia edir ki, Bülənt Uyğunla ədavətiniz varmış...
- Yox, siz nə danışırsız? Bülənt Uyğun mənim çalışdığım ən yaxşı məşqçilərdən biridi. O, hətta Azərbaycanda da çalışmaq istəyən mütəxəssisdi. Bu, bizim çempionat üçün çox yaxşı, müsbət bir addım olardı. Uyğun əla mütəxəssisdi.
- Necə vidalaşdınız?
- Normal. Mən gözləmirdim ki, o, mənim gedişimə belə asanlıqla razılaşacaq. Halbuki, əvəzində klub prezidenti məni buraxmaq istəmirdi. Ancaq danışıqlar uğurla nəticələndi. Klub olan bütün borclarını ödədi. Mən sadəcə başa düşürdüm ki, ehtiyatda oturmaq olmaz. Mən oyun təcrübəmi itirirdim. Hətta macarlarla oyunda özüm-özümü tanıya bilmirdim.
- Ancaq Uyğun sizi bütün yoxlama oyunlarında oynadırdı...
- Doğrudu, ancaq müəyyən mənada bəxtsizlik də var idi. “Kayserispor”da da, “Eskişehirspor”da da demək olar ki, eyni aqibətlə üzləşdim.
- Səbəb fiziki hazırlıqsızlıqdı?
- Xeyr, əksinə fiziki hazırlığım tam qaydasında idi. Mən Nadareviçə fiziki göstəricilərimə görə heç də uduzmurdum.
- Bəs sizə elə gəlmir ki, bütün bunlarda Türkiyəyə vurduğunuz qolun rolu var?
- Bu, mümkün deyil. Axı məhz o qoldan sonra mən əsas heyətə düşməyə başladım. Məndə qış fasiləsi zamanı daha iki Türkiyə klubundan təklif vardı. Baş məşqçiləri məni sərəncamında görmək istəyirdi. Hətta menecerimlə də əlaqə saxlamışdılar, ancaq mən imtina etdim. Bildirdim ki, “Es-Es”də qalmaq istəyirəm.
- Türkiyədən 4-cü dəfə dəvət gəlsə, yenə gedəcəksiz?
- Buna görə mən “Qarabağ”la qısamüddətli müqavilə imzalamışam. Əgər Türkiyədən mənə yaxşı dəvət gəlsə, o zaman buna baxacam. Eyni zamanda bu, Rusiyaya da aiddi. Mənimlə o dövrdə “Alaniya” da maraqlanırdı, lakin “Eskişehirspor”u seçdim. Öz gücümü başqa çempionatda da sınamaq istəyirəm.
- Bəs yaş mane olmur – axı 29 yaşınız var...
- Fabio Kannavaro “Real”dan “Juventus”a keçəndə 32 yaşı var idi. Baxmayaraq ki, nə mən Kannavaroyam, nə də Türkiyə çempionatı Primerodu.
