15 fevral 2011 18:00
Tahir Gözəl: Rövnəq Abdullayev də stadion problemimizin həlli üçün çalışır
Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Rəşad Sadıqovun qayıdışına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, türkiyəli iş adamı stadion və yığma komandayla bağlı məqamlara da aydınlıq gətirib.
“Biz hamımız bu fakta çox sevinirik ki, komandamızın lideri geri döndü. Çox istəyirdik ki, Türkiyədəki karyerası uğurlu alınsın. Ancaq o, yenidən “Qarabağ”a dönüb və indi qələbələr yenə bizimlə olacaq. Mətbuata da öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki Antalyadakı hazırlıq zamanı jurnalistlər də Sadıqovun qayıdışı ilə bağlı öz fikir və təkliflərini bildirdilər” – deyə Gözəl bildirib.
Ağdam klubunun vitse-prezidenti həmçinin “Qarabağ”ın stadion probleminə də toxunub: “Hazırda AFFA rəsmiləriylə danışıqlarımız davam edir. Rövnəq Abdullayev də bizim problemimizin həlli üçün çox çalışır. Biz Suraxanıdakı stadionu almaq istəyirik. Lakin o, “Neftçi” İSM-in balansındadı. Yenidənqurma üçün razılıq gözləyirik. İlk növbədə paltardəyişmə otaqlarından başlayacağıq. Həmçinin əsas arenanın yanında da bir neçə əlavə meydança tikdirmək istəyirik ki, uşaq komandalarımız da orda məşqlər edə bilsinlər”.
“Quzanlı stadionuna gəlincə, biz “altılıq” mərhələsinin iki oyununu orda keçirmək istəyirik. Əgər rəqiblərimiz razılıq versə, orda oyanayacağıq. “Qarabağ” Azərbaycanın komandasıdı, bizə digər bütün münasibətləri unutmaq lazımdı. Enində-sonunda ora bizim üçün doğma məkandı” – deyə Tahir Gözəl Quzanlı stadionunun rəhbərliyi ilə aralarındakı münasibətlərə işarə vurub.
Sonda isə vitse-prezident yığma komandaya çağırılan futbolçularla bağlı yaranan söhbətlərə münasibətini açıqlayıb: “Qurban Qurbanov məndən daha yaxşı bilir ki, futbolçularımızın milliyə gedişi komandaya nə dərəcədə təsir edir. Ancaq biz yığma xatirinə istənilən güzəştə getməyə hazırıq. Biz həmişə futbolçularımızı milliyə buraxacağıq”.
