15 fevral 2011 18:11
Rail Məlikov: XL-la oyunda rəqibin qapısına penalti təyin edilməli idi
"Neftçi"nin kapitanı Rail Məlikov “Simurq”la qarşıdakı oyun və çempionatla bağlı düşüncələrini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Hazırda liderliyimiz davam edir. İndi biz yalnız "Simurq"la qarşıdakı oyunu düşünürük. Rəqibimiz qış fasiləsində heyətinə təcrübəli futbolçular cəlb edib. Flaqman hər zaman qələbəyə oynayır. Bu "Neftçi"nin ruhudu. Son derbi oyunumuza gəldikdə isə biz bu görüşədə yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Demək, bərabərlik bizim üçün yaxşı nəticə deyil. Çünki biz oynadığımız oyunla qələbəyə layiq idik. Matçda üstünlük bizim tərəfimizdə idi. Hər kəs gördü ki, "Neftçi" necə futbol oynayır. Klub rəhbərliyi matçı yüksək səviyyədə təşkil etmişdi. Oyuna diqtə edən tərəf olaraq, bir neçə real qol vurmaq imkanı yaxaladıq. Hətta bir epizodda rəqibin qapısına penalti təyin edilməli idi. Ancaq nə etmək olar, bu futboldu. Təəssüflər olsun ki, rəqibi məyus edə bilmədik. Bu oyunda "ağ-qara"lı tərəfdarlar möhtəşəm idi. Onlara xüsusi təşəkkür düşür. Qoy gəlsinlər, bizi hər oyunda dəstəkləsinlər. Lənkəranlı fanatlara da oyuna böyük diqqət göstərdikləri üçün minnətdarlığımı bildirirəm. Mövsümün sonunda çempion olaraq, azarkeşlərimizi sevindirəcəyik".
