15 fevral 2011 00:05
İspaniya millisinin və Real`ın sabiq baş məşqçisi qovuldu
İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, heç də uğurlu çıxışı ilə seçilməyən və elitanı tərk etmək təhlükəsi ilə üzləşən “Osasuna” rəhbərliyi vaxtilə Madrid “Real”ını və İspaniya millisini də çalışdırmış Xose Antonio Kamaço ilə yollarını ayırmağa qərar verib.
Bazar günü “Real Sociedad”la səfər görüşündə minimal hesablı məğlubiyyətdən sonra klub başbilənləri artıq Kamaçonu qovmaqdan başqa çıxış yolu tapa bilməyib. Qeyd edək ki, bu mütəxəssis 2008-ci ilin oktyabrından sözügedən komandanı çalışdırırdı. 55 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda bu mövsüm 23 oyuna sadəcə 5 qələbə və 22 xal toplaya bilib.
Artıq dərhal baş məşqçi axtarışına çıxan klub rəhbərliyi Kamaçoya əvəzləyici də tapıb. Komandanı bundan sonra Xose Luis Mendilibar çalışdıracaq. Qeyd edək ki, bu mütəxəssis son dörd ildə "Valladolid"in baş məşqçisi idi.
