15 fevral 2011 00:11
Əfsanə futboldan getdi (FOTO, VİDEO)
Braziliyalı futbolçu Ronaldo rəsmən futboldan getdiyini bəyan etdi. Azerisport.az xəvər verir ki, dünya futbolunun gəlib-keçmiş ən yaxşı hücumçuları sırasında öncüllərdən olan forvard dünən düzənlədiyi mətbuat konfransında bir daha qol vurmaq istəmədiyini bildirib.
Jurnalistlər önünə oğlu Ronald ilə birlikdə çıxan təcrübəli qolçu bir neçə gün öncə verdiyi sözünə əməl edərək, bu haqda rəsmi açıqlama verib. Lakin futbolla göz yaşları içində vidalaşan Ronaldo bunu əlacsızlıqdan etdiyini də gizlətməyib: “Yəqin ki, artıq bura gəlməkdə məqsədimi bilirsiz. Bəli, mən bununla da peşəkar karyerama son qoyuram. Çox üzgünəm. Ancaq vücuduma qarşı verdiyim savaşı itirdim. Mənim yanımda olanlar, məni yaxşı tanıyanlar gərçəyi çox gözəl bilirlər. Ağrı hiss etmədən pilləkənləri belə çıxa bilmirəm. Dörd il öncə Milanda hipotiroidizm deyilən bir xəstəliyim olduğunu öyrəndim. Bu xəstəlikdən çox əziyyət çəkməmək üçün futbolda qadağan edilmiş dərmanlardan istifadə etmək məcburiyyətindəyəm. İnsanlar artıq çəkim haqqında çox narahat edici fikirlər söylədilər. Sadəcə bunu açıqlamaq istədim. Artıq hər şey bitdi. Mən istərdim davam edim. Ancaq daha bacarmıram. Artıq zamanımın keçdiyini düşünürəm. Nə yaxşı ki, heç olmasa o zamanı yaxşı keçirmişəm”.
Qeyd edək ki, karyerası boyunca oynadığı 616 matçda 420 qola imza atan Ronaldo, bunlardan 15-ni dünya çempionatlarında vurmaqla, rekorda imza atmışdı. Ulduz futbolçu Braziliya milli komandasının 1994-cü ildə dünya çempionu olduğu heyətdə yer almışdı. Lakin onun bu komandayla əsas yaddaqalan uğuru DÇ-2002-də qazanılan 5-ci çempionluq olmuşdu. Axı məhz vurduğu qollarla həmin mundialda rekorda imza atmışdı. Bir sözlə həmin DÇ məhz Ronaldonun mundialı olmuşdu desək, yəqin ki, yanılmarıq.
Maraq üçün xatırladaq ki, Ronaldo karyerası ərzində “Cruzeiro”, PSV (Hollandiya), “Barcelona” (İspaniya), “Inter” (İtaliya), “Real” (İspaniya), “Milan” (İtaliya) kimi aparıcı klubların şərəfini qorumuşdu. Onun son klubu isə 2009-cu ildən çıxış etdiyi “Corinthians” idi.
Sonda “Yekədiş” ləqəbli məşhur hücumçunun dünya çempionatları tarixində rekord müəyyənləşdirməsində rol oynayan 15 qolunu sizlərə təqdim edirik. Yəqin ki, Ronaldo futboldan getsə də onun nə bu, nə də çıxış etdiyi klublarda vurduğu bir çox bu kimi qolları hələ onu sevənlərin yaddaşından uzun müddət çıxmayacaq.
