16 fevral 2011 12:55
“AZAL-ın məqsədi Lənkərandan 3 xal ilə dönməkdi”
AZAL-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytının suallarını cavablayıb.
- “Gəncə” ilə oyunda niyə qələbə qazana bilmədiz? Əsas səbəb nə idi?
- Biz hamımız “Gəncə” üzərində qələbə qazanacağımızı gözləyirdik. Ancaq rəqib bütün planlarımızı pozdu. Bütün bunlarda özümüz günahkarıq. Əlbəttə, sevindiricidi ki, özümüz də buraxmadıq. Axı rəqib də hücum edirdi və real qol vəziyyətləri yaradırdı. Onlar əks-hücumlardan yararlanmağa çalışırdılar. Ancaq səbəbləri öz tərəfimizdə axtarmağa çalışırıq. Əgər komanda udursa, futbolçuları zəhmətidi, uduzursa, məşqçinin günahıdı. Odu ki, bütün günahı öz üzərimə götürməyə hazıram.
- Ancaq siz “Gəncə”ni kimlərinsə stimullaşdırdığını da demişdiniz...
- Birincisi, mənim sözlərimi bu şəkildə sensasiyaya çevirmək də lazım deyil. Bütün dünyada bu stimullaşdırma populyardı. Kimsə sənə pul verirsə, uduzmağın üçün vermir ki, əksinə, daha layiqli mübarizə aparmağın üçün verir. Günahkar özümüzük. Biz istənilən halda daha güclü olduğumuzu göstərməyə borclu idik. Əgər uduzsaydıq, bu, faciə olardı. Ancaq xal itkisi də az təsir etməyib. AZAL çempionatın əvvəlindən 3-cü pilləni əldən vermirdi, amma indi 5-ci yerdəyik.
- “Neftçi” – “Xəzər Lənkəran” matçına baxdınız?
- Bəli. “Böyük oyun”da mənim daha çox XL-ın çıxışı xoşuma gəldi. Görünür ki, cənublular əla oyunçularla güclənibdi. “Neftçi” də öz səviyyəsinə uyğun futbol sərgilədi. Əgər Nasimov öz vəziyyətini qolla tamamlasaydı, hər şey başqa cür olacaqdı. XL-da mən daha çox Vobayla Parksın çıxışını qeyd edərdim. Xüsusilə Uinston bir neçə əla vəziyyətlər yaratdı. Mirça Rednikin komandasında müdafiə xətti çox əla oyun sərgilədi, orta xətt isə demək olar ki, rəqibə oynamaq imkanı vermədi.
- AZAL-ı Lənkəranda nə gözləyir?
- Bizi çox çətin oyun gözləyir. “Gəncə”ylə oyunda iki xal itirmişik. Ancaq bu, həyatın sonu deyil. İndi XL haqda düşünmək lazımdı. Lənkəranda oynamaq istənilən komandaya çətindi. Ancaq mən öz uşaqlarıma inanıram. Biz sübut etmək istəyirik ki, ilk altılıqda oynamağa layiqik. Düşünürəm ki, rəqibə də çətin olacaq. Axı biz Lənkərana qələbə üçün gedirik.
- “Böyük oyun”da XL-ın zəif cəhətlərini aşkarlaya bildiniz?
- Bu haqda danışmayacam. Sadəcə bir şeyi bilməlisiz ki, hər bir komandanın zəif cəhətləri var. Əsas məsələ kimin oyuna necə başlamasıdı. Çox şey qarşılaşmanın ilk 15 dəqiqəsindən asılıdı. Həmin vaxt ərzində futbolçular öz bacarıqlarını göstərə bilirsə, onda onları heç kim dayandıra bilməz.
- Ancaq inanmaq çətindi ki, AZAL Lənkəranda açıq futbol sərgiləsin...
- Qoy bu, bizim sirrimiz olaraq qalsın. AZAL-ın məqsədi bu oyundan 3 xal götürməkdi. Lənkərana da qələbə dalınca yollanırıq. Buna nə dərəcədə nail olacağımızı isə, oyundan sonra biləcəyik. Ancaq mən komandama inanıram və hesab edirəm ki, son oyundakı xal itkisini unutdura biləcəyik.
- İlk altılıqda qalmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Hər matç bizim üçün çox vacibdi. Axı qazanılan xallar bizi “altılıq”da saxlayır. Ona görə də heç bir güzəşt olmayacaq. Rəhbərlik bizdən qarşıdakı iki oyunda 6 xal tələb edir. Bizim əsas vəzifəmiz də bu məqsədə nail olmaqdı. Kənar problemlər bizi həyəcanlandırmır. AZAL öz mövqeyini qaytarmağa borcludu.
