16 fevral 2011 00:30
Branimir Subaşiç: Mənə cinahda oynamaq çox çətindi
“Qəbələ”nin hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində “Qarabağ”la uğursuz oyunlarından və “altılığ”a düşmək şanslarından danışıb.
- “Qarabağ”a darmadağını necə izah edərdiniz?
- Mən düzünü deyim ki, nəsə izah tapmağa çətinlik çəkirəm. Sadəcə heç kim yaxşı oynamadı. Mövqelərimizi itirdik. Qaçmırdıq, uzun ötürmələrlə bir-birimizi topla təmin etməyə çalışırdıq. Mənə bir dəfə də top gəlmədi. Bütün oyunboyu top uğrunda mübarizə aparmaq da çətin olur.
- Həmin gün güclü külək də var idi. Uzun ötürmələrin alınmasına bu da mane olurdu?
- Bizdə praktiki olaraq heç bir təhlükəli vəziyyət olmadı. Sadəcə buna oxşar nəsə oyun sərgiləməyə çalışdıq. Qoldan sonra demək olar ki, rəqibimiz oyuna nəzarəti ələ keçirdi. Özümüz də bilmirdik ki, necə toparlanaq. Halbuki, bu oyuna kimi bir ay idi hazırlıq keçirdik.
- Bəs Toni Adams nə dedi?
- Onun işinə qarışa bilmərik, amma o, ayrı insandı. Öz məyusluğunu biruzə vermədi. Soyuqqanlı görünürdü. Sadəcə onu bildirdi ki, qarşıdakı oyunlarda qələbə qazanmaq lazımdı.
- “Qarabağ”la oyundakı aqibətin təkrarlanacağını düşünmürsüz?
- Əlbəttə, təhlükə hələ də davam edir. Çətin olacaq. Belə gedişlə biz ilk altılığa düşə bilmərik.
- Bəs nəyi dəyişməlisiz?
- Bu, artıq baş məşqçinin işidi. Heyəti o müəyyənləşdirir. Mən, oyunçu kimi komandaya kömək etmək üçün sona kimi döyüşəcəm.
- “Qəbələ”də nə çatışmır?
- Məsələ burasındadı ki, sağ cinah mənim mövqeyim deyil. Geri qayıtmaq, müdafiəyə də kömək etmək və dərhal da hücuma getmək lazım gəlir. Ancaq bu mövqe mənlik deyil. Mən mərkəz hücumçusu kimi oynamağa alışmışam. “Srvena Zvezda”da da eyni şeylər olmuşdu və baş məşqçi sonda məni mərkəzə çəkmişdi. Mənə cinahda oynamaq çox çətindi.
