16 fevral 2011 15:23
Qattuzo yenə aləmi bir-birinə qatdı (FOTO, VİDEO)
Çempionlar Liqasının dünən gecə keçirilən “Milan” və “Tottenham” arasındakı ilk 1/8 final görüşü qalmaqalla yadda qalıb. Azerisport.az xəbər verir ki, qalmaqalın qəhrəmanı İtaliya təmsilçisinin emosional futbolçusu Cennaro Qattuzo olub.
Məlum olduğu kimi, bu görüşdə “Tottenham” Milanda minimal hesablı qələbə qazanaraq, böyük üstünlük əldə etmiş oldu. Lakin bu gözlənilməz nəticəni oyunsonrası baş verən olaylar demək olar ki, arxa plana keçirdi. Əsəbi tərziylə tanınan Qattuzo hələ oyunun gedişində “Tottenham”in köməkçi məşqçisi Co Cordanla kiçik bir münaqişə yaşamışdı. Lakin matçın gedişinə etdiyi hərəkətlə ürəyi soyumayan futbolçu baş hakimin final fiti səslənən kimi yenə Cordanın yanına tələsib. Məşqçinin boğazından yapışan Qattuzonun ona kəllə zərbəsi vurmasına son anda imkan verməyiblər.
UEFA tərəfindən sərt cəzalandırılması gözlənilən Qattuzo isə oyundan sonra verdiyi açıqlamada səhvini boynuna alıb: “Özünüidarəetməni itirmişdim. Oyunçularla mübahisə etmək istəmədiyim üçün hirsimi köməkçi məşqçidən çıxmağa çalışdım. Böyük səhvə yol verdiyimi bilirəm”.
