17 fevral 2011 00:54
Samir Ələkbərov: Bu, çox böyük problemdi
Azərbaycanın veteran futbolçusu, 1993-cü ildə milli çempionatımızın bombardiri olan, hazırda isə “Xəzər Lənkəran”ın əvəzedicilərdən ibarət komandasını çalışdıran Samir Ələkbərov azerisport.az saytına müsahibəsində ölkəmizdəki hücumçu problemindən danışıb.
- Bombardir olduğunuz mövsümü xatırlayırsız?
- Əgər səhv etmirəmsə, 1993-cü il mövsümü idi. Çempionatda 16 komanda çıxış edirdi. Mən də 16 qol vurmuşdum. Onda bu, pis nəticə hesab olunmurdu. Bizim çempionat sıfırdan başlayırdı. Ancaq son zamanlar görünür ki, bizim forvardlar legionerlə mübarizədə bombardirlik yarışından kənarda qalırlar.
- Niyə legionerlər daha çox diqqət mərkəzindədi?
- Bəs kim vurmalıdı? Əksər klublarda hücumçular legionerlərdi. Azərbaycanda 1-2 hücumçu qala qalmaya. Bəs nə olacaq bunun axırı? Heç kim düşünmür. Problem elə yığma komandaya da təsirini göstərir. Hər oyunda ancaq legionerlər qol vurur. Mən Rauf Əliyevlə Vaqif Cavadovu qeyd edərdim. Sonuncu artıq nə vaxtdı qol vura bilmir. Qalıb sadəcə Rauf Əliyev.
- Ancaq təkcə Rauf Əliyevlə legionerlərlə rəqabət aparmaq olmaz...
- Əliyev mənim çox xoşuma gəlir. O, artıq 8 qol vurub. Problem başqa şeydədi. Təmiz hücumçu yoxdu. Adətən yarımmüdafiəçilər və müdafiəçilər fərqlənir. Bəs hanı hücumçular? Oyuna baxırıq: hücum təşkil olunur, amma hücumçu heç də lazım olan mövqeyə qaçmır. Belə olmaz. Hücumçunun qol duyumu olmalıdı. Bu, çox böyük problemdi. Sağ olun ki, bunu qabardırsız.
- Kimi nümunə göstərə bilərsiz?
- Mənim daha çox Xaqani Məmmədov xoşuma gəlirdi. Hansı ki, indi MOİK-də oynayır. Təsadüfi deyildi ki, o, heç də az qol vurmurdu. Zaur Ramazanovu da unutmamalıyıq. O, hətta adi epizodlarda da qol vurmaq bacarığına malik idi. Bax belə forvardlar çatışmır bizdə. Buna görə də indi bombardirlər yarışında özbək Bahodir Nasimov hamıdan öndədi.
- Yeri gəlmişkən, hazırkı bombardirləri necə dəyərləndirərdiz?
- Hesab edirəm ki, Nasimov ən yaxşılardan biridi. O, gözəl qollar vurur. “Neftçi”nin bu cəhətdən bəxti gətirib. O, çempionatımızın bombardiri ola bilər. Sadəcə, etiraf etməliyəm ki, mən Rauf Əliyevə azarkeşlik edəcəm. Qoy o, daha çox qol vursun. İstənilən halda Rauf özümüzküdü. Xüsusilə, son oyunlarda çox yaxşı təsir bağışlayır. Ona öz üzərində daha artıq işləmək lazımdı.
- Forvardlarla bağlı problemi necə həll etmək olar?
- Bunun üçün uşaq futbol məktəblərindən düzgün iş aparılmalıdı. Əvəzedici komandalarda hücumçularla daha çox işləmək lazımdı. Əgər hər oyunda ancaq yarımmüdafiəçilər fərqlənirsə, deməli, hücumçu öz işinin öhdəsindən gələ bilmir. Uşaq məktəblərində daha çox qapıçı və müdafiəçilərə diqqət ayırırlar. İtaliya futboluna baxın. Bu ölkədə müdafiəçilərlə 7-9 yaşlarından məşğul olurlar. Bizdə isə hücumçularla iş aparılmalıdı.
- “Xəzər Lənkəran”ın əvəzedici komandasında elə perspektivli hücumçular var?
- Gizlətmirəm ki, eyni problem bizdə də hökm sürür. Hazırda bunun həlli yönündə çalışırıq. Yenilərini axtarırıq. Bu, çox ciddi problemdi. Çünki sabah əsas komandaya lazımlı hücumçular verməliyik. Problemin yüksək səviyyədə həllinə ehtiyac var.
