17 fevral 2011 13:45
FİFA Bakıda baş tutacaq DÇ-yə hazırlıqdan razıdı
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə bağlı FİFA-nın nümayəndə heyəti Bakıda səfərdədi. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın Futbol akademiyasında U-17 qızlar arasında DÇ-2012-nin yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və FİFA-nın Yarışların Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqtun iştirakı ilə mətbuat konfransı keçirildi.
Tədbiri giriş sözü ilə açan Məmmədov çıxışı zamanı bunları dilə gətirib: “FİFA nümayəndələri artıq üçüncü dəfədi ki, bu məsələylə bağlı Azərbaycana gəlirlər. Onlar bu dəfəki səfərləri zamanı Mərdəkandakı “Dalğa” stadionunun tikintisi ilə maraqlandılar, həmçinin Bayıldakı və 8-ci kilometr qəsəbəsindəki arenalarla. Bunlardan biri artıq bu il açıq elan olunacaq. Qalan ikisi isə növbəti ildə baş tutacaq”.
Matçların 4 stadionda keçirilməsi nəzərdə tutulub. Yuxarıda vurğuladığımız arenalarla yanaşı, “Şəfa” stadionu da DÇ-nin oyunlarına ev sahibliyi edəcək: “Ancaq FİFA hələ “Şəfa” stadionunu qəbul etməyib. Bunlardan əsas bir səbəb qazonun süni olmasıdı. Təbii ki, onun əvəzlənməsinə ehtiyac var. Bununla əlaqədar artıq “İnter”in prezidenti Georgi Nikolovla danışıqlara başlamışıq” – deyə Məmmədov qeyd etdi.
“Şəfa”nın qazonunun dəyişdirilməsinin vacibliyini Voqt da təsdiqlədi. Məmmədov həm də onu bildirdi ki, oyun keçiriləcək arenalarla yanaşı, həm də 17 məşq meydançası lazımdı. Onlardan 10-u artıq hazırdı, qalanları isə bundan sonra hazırlanacaq.
“Bizim işimiz təkcə stadionlarla bağlı problemlər deyil. Biz həm də teleyayım, azarkeşlərlə iş baxımından da yaranan sualları aydınlaşdırmağa çalışırıq. DÇ-2012-nin talismanına gəlincə, bunu hələ müəyyənləşdirməmişik. Bizim başqa namizədimiz də var. Bunu FİFA-da bir daha müzakirə etməliyik. Əksər işlər həyata keçirilib. İşlərin gedişindən razıyıq” – deyə Voqt bəyan etdi.
