17 fevral 2011 15:52
Bir bu çatışmırdı
Futbolumuzda çox eybəcərliklərin, anormallıqların şahidi olmuşuq. Amma bunu görməmişdik. Artıq bunu da gördük. Sevinə bilərsiz. Əgər sevinməli bir məqam varsa. Düzdü, buna ancaq Azərbaycan futbolunda rast gəlindiyinə görə, orijinallığımıza görə öyünənlər ola bilər. Amma bundan artıq heç nə...
Yəqin ki, cari mövsüm işləri heç də qaydasında getməyən “Simurq”un elitadakı yerini qorumaq naminə az qala hər klubun artıq-urtuğunu icarə qaydasında da olsa belə, heyətinə qatmasından xəbərdarsız. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu qış heyətini 10-a yaxın futbolçuyla gücləndirdi ki, onlardan da əksəri müxtəlif klublardan icarəyə götürülən oyunçulardı. Məsələn, Tofiq Mikayılov, Mario Souza, Camal Məmmədov, Jivko Jelev son ölkə çempionu “İnter”dən, Fərid Quliyev “Neftçi”dən, Səbuhi Həsənov “Bakı”dan icarəyə götürülüb.
Deyə bilərsiz ki, burda anormal heç nə yoxdu. Bununla biz də tam razıyıq. Çünki dünyanın ən aparıcı klubları belə bu siyasətdən az yararlanmır. Lakin yəqin ki, heç siz də eşitməmisiz ki, hansısa klubdan icarəyə götürülən futbolçu öz keçmiş komandasına qarşı forma geyməməlidi. Bəli, belə əcaib qərar ancaq Azərbaycan klublarından çıxa bilərdi.
Açığı ilk dəfə bu məlumatı hələ fevralın 1-də saytımıza müsahibə verən “Simurq”un prezidenti Zaur Məmmədovdan eşitdikdə, bunu yalnız bir hadisəylə əlaqələndirmişdik. Çünki o, açıqlamasında bildirmişdi ki, sadəcə “İnter”dən götürdükləri futbolçuların öz komandalarına qarşı oynamamasına dair centlmen razılığa (!) gəliblər. Biz də düşündük ki, bu, yəqin ki, Premyer Liqanın ilk dövrəsində baş verən olaylarla əlaqədardı. Xatırlayırsınızsa, o dövrdə “İnter”in “Simurq”da icarə əsasında çıxış edən bir neçə futbolçusu öz komandalarına qarşı meydana çıxmaqdan imtina etmiş və buna görə Zaqatala klubundan kənarlaşdırılmışdı.
Bu dəfə də düşündük ki, yəqin məhz belə qalmaqalın yaranmaması üçün tərəflər önləmə tədbirləri həyata keçirir. Lakin bu günlərdə “Neftçi” də rəsmi olaraq bəyan etdi ki, “Simurq”a icarəyə verdiklər Fərid Quliyev onlara qarşı forma geyməyəcək. Çünki tərəflər bununla bağlı xüsusi razılığa gəliblər. Hansı məntiqə uyğundu bu? Harda yazılıb belə qanun? Bilinmir. Amma razılaşmalıyıq. Axı burası Azərbaycandı.
Halbuki, biz əksər ölkələrdə məhz belə futbolçuların öz klublarına qarşı daha əzmkar oyun sərgiləməsinin şahidi olmuşuq. Çünki öz əvvəlki komandasında lazımı qayğını görə bilməyən oyunçu icarə əsasında çıxış etdiyi klubun heyətində özünü göstərmək üçün ikiqat əzmlə çalışır ki, onları buna görə peşman etsin. Dünya futboluna buna dair çoxlu misallar var və hər birinizin xəbəri olduğu üçün ayrı-ayrı misallar çəkməyə ehtiyac duymuruq. Məhz həmin futbolçuların məxsus olduğu, amma ona qarşı çıxış etdiyi klublara qol vurmasına, məğlub etməsinə dair yetərincə faktlar var.
Amma bizim cənablar futbolun bu kimi gözəlliklərindən də bizi məhrum etməyi özlərinə rəva bilirlər. Kim bilir bəlkə, Mario Souza, Tofiq Mikayılov, Camal Məmmədov Kaxaber Sxadadzenin onlardan imtina etməsinin necə yanlış qərar olduğunu məhz meydanda sübut etmək istəyirdi. Niyə onları bu şansdan məhrum etməlisiz? Bəlkə, Fərid Quliyev məhz “Neftçi”yə qarşı oyunda Arif Əsədovun ondan imtinasının heç də düzgün olmadığını isbat etmək istəyirdi. Bu, həmin futbolçuların da haqqlarının tapdalanması faktı deyilmi?
Daha bu qədər anormallıqlar, eybəcərliklər bəsdi, cənablar! Gəlin bir az futbolu iyrəncləşdirməyək. Onun yazılmayan qanunlarını bu şəkildə çərçivələşdirməyək. Onsuz da Azərbaycan futboluna yetərincə anormallıqlar mövcuddu. Bir bumu çatışmırdı futbolumuzda görməkçün?
