17 fevral 2011 18:41
Millimiz uduzdu, hər iki baş məşqçi səhvlərdən şikayətləndi
Bu gün “Şəfa” stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Sissi Rayt və rəqib həmkarı Geronti Naçxediya matçla bağlı fikirlərini açıqlayıblar. Azerisport.az xəbər verir ki, Gürcüstan yığmasının baş məşqçisi bunları dilə gətirib:
“Təşkilatçılıqdan olduqca razıyıq. Bizi bura dəvət etdiyinə görə AFFA-ya dərin minnətdarlığımızı bildiririk. Hər iki komanda yeni formalaşdığı üçün oyun boyu çoxlu səhvlər nəzərə çarpırdı. Bu səbəbdən qarşıda görüləcək işlərimiz çoxdu”.
Millimizin almaniyalı çalışdırıcısı isə aşağıdakıları söyləyib: “Bir tərəfdən qızlarda böyük sevinc var idi ki, onları bu qədər azarkeş dəstəkləyirdi. Digər tərəfdən isə, onlar doğma meydanda ilk beynəlxalq oyuna çıxdıqları üçün həyəcanlı idilər. Oyun boyu kifayət qədər ötürmə səhvlərinə yol verdik. Bu səbəbdən hücum qurmaqda çətinlik çəkirdik. Gürcüstan yığması ilə şənbə günü keçiriləcək ikinci oyunun hazırlığına bu gündən başlayacağıq”.
