17 fevral 2011 00:18
Böyük oyunda huşunu itirən azarkeş danışdı
"Neftçi" - "Xəzər Lənkəran" oyunu möhtəşəm atmosferi ilə yanaşı, tribunaların rəngarəngliyi ilə də yadda qaldı. Azerisport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ən böyük matçlarından birində diqqətli azarkeşlər bir hadisəni yəqin ki, gözdən qaçırmadılar.
Belə ki, "Neftçi" fanatlarının olduğu tribunada qəfildən bir azarkeşin özünü pis hiss etməsindən sonra, hadisə yerinə təcili tibbi yardım tələsdi. Məlum oldu ki, "Flaqman" fan-klubunun gənc üzvü Manaf Kələntərli özünü pis hiss etdiyi üçün, onun həkimlərin müdaxiləsinə ehtiyacı olub. Gənc azarkeş hadisə ilə bağlı klubun rəsmi saytına danışıb.
"Mən uşaqlıqdan "ağ-qara" rənglərə könül vermişəm. İndi 18 yaşım var. Həmişə dərsdən qaçaraq, "Neftçi"nin oyunlarına gedirdim. Bu sevgi məni "Flaqman" fan-klubuna gətirib çıxardı. Uzun müddət bundan əvvəl bu fan-kluba üzv oldum. "Xəzər Lənkəran"la görüşdə hər zamankı kimi 13-cü sektorda yer almışdıq. Çox həyəcanlı matç idi. Məhz həyəcandan özümü pis hiss etməyə başladım və ürəyim sıxıldı. Sağ olsunlar Daxili qoşunların əsgərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin dəqiqə müdaxilə etdilər. Tezliklə, təcili tibbi yardım işçiləri mənə lazım olan yardımı göstərdilər. Mən özümə gəldikdən sonra, həkimlərin təkidlərinə baxmayaraq, stadiona geri qayıdaraq, yenidən tribunada öz yerimi aldım. Oyunun sonuna qədər komandamı dəstəklədim. İndi özümü yaxşı hiss edirəm. Sağ olsunlar, "Neftçi" rəhbərliyi məni diqqətdə saxlayır. Biz azarkeşlər daim klub rəhbərliyinin qayğısını hiss edirik. Mən bundan sonra da komandama hər yerdə dəstək olacam. Mən "Neftçi"nin azarkeşi olduğum üçün fəxr edirəm".
