18 fevral 2011 13:40
Arif Əsədov: Simurq ilə oyuna ikiqat köklənməliyik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 21-ci turunun “Simurq”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb.
- “Xəzər Lənkəran”la oyundan sonra özünüzə gəlmisiz?
- Öz oyunumuzu analiz etmişik. Öz müsbət və çatışmayan cəhətlərimizi aşkarlamışıq. İndi komandada heç bir problem yoxdu və qarşıdakı oyuna da yüz faiz hazırıq. Biz hələ çempionatın qarşıdakı turlarından oyunda-oyuna daha yaxşı çıxış edəcəyik.
- “Neftçi” revanş götürməyə çalışsa da, bir qədər ehtiyatlı davranırdı...
- Bizim qol epizodlarımız olurdu, 2-3 top vura bilərdik. Əgər həmin epizodları dəyərləndirə bilsəydik, mümkün idi ki, indi “Neftçi”nin əsl hücum futbolu oynadığını danışardıq. Biz heç də “Beşiktaş” kimi irəli atılıb, müdafiəni unuda bilmərik. Hansı ki, heyətində o cür ulduz futbolçular çıxış edir. Müdafiə ilə hücum arasındakı balansı qorumağa da çalışmalıyıq. Yadınıza salın ki, həmin oyunda komandamızın cinahları necə fəal təsir bağışlayırdı.
- “Neftçi” son altı prinsipial oyununda heç də qol vura bilmir. Çünki ötən mövsümkü 4 oyunda da da meydanı qolsuz tərk etmişdiniz...
- Bu amil təbii ki, bizi qane etmir. Ancaq biz hər oyunda qol vəziyyətləri yaratmağa çalışmışıq. Sadəcə top qapıya girmir. Niyə? Ola bilsin ki, bəxtsizlik də rol oynayır. Qarşıda “Xəzər Lənkəran”la daha 4 oyun var. Fikrimcə, həm onlar, həm də biz, heç də meydana ancaq qolsuz heç-heçə üçün çıxmayacağıq.
- Adətən prinsipial oyundan sonra autsayderlə görüşə köklənmək heç də asan olmur...
- Futbolda belə şeylər olur. Bizim futbolçularımızla söhbətimiz olub. “Xəzər Lənkəran”la oyun artıq arxada qaldı. İndi “Simurq”u məğlub etmək lazımdı. Axı bizə 3 xal qazanmaq vacibdi. “Simurq”a qarşı ikiqat köklənməliyik. Amma futbolçuların özləri də bu matçın vacibliyini başa düşməlidilər.
- Zaqatala klubunun heyətində Emin Quliyev, Mario Souza kimi təcrübəli futbolçular çıxış edir. Onlar “Neftçi”nin Bakıya qələbəylə dönməsinə mane ola bilərmi?
- Biz rəqib komandada kimin çıxış etməsinə o qədər də diqqət yetirmirik. Bizi sadəcə “Simurq”un ümumi vəziyyəti maraqlandırır. Biz ancaq öz gücümüzə ümid bəsləyirik. Fərid Quliyevə gəlincə, onunla bağlı xüsusi razılığımız var ki, bizə qarşı forma geyməsin. Hansı ki, “İnter”lə də “Simurq” arasında oxşar razılıq əldə olunmuşdu.
- Rodriqinyo oynayacaq?
- O, uyğunlaşma prosesini keçir. Ola bilər ki, Zaqatalada və MOİK-lə oyunlarda iştirak etsin. Əsas istəyimiz isə, bu futbolçunun “altılıq” oyunlarına hazır olmasıdı.
- Bəs Alessandronun durumu nə yerdədi?
- O, xüsusi proqram üzrə çalışır. Bakıya döndükdən sonra o da, komandayla birgə məşqlərə hazır olacaq.
