18 fevral 2011 12:25
Vüqar Nadirov: Berti Foqtsla heç bir problemim yoxdu
“Qarabağ”ın və milli komandamızın hücumçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində Rəşad Sadıqovla Əfran İsmayılovun dönüşünə münasibətini bildirib, həmçinin milliylə birgə Belçikaya qarşı forma geymək şanslarından danışıb.
- Artıq ilk altılığa düşdüyünüz üçün rahatsız?
- İstəyimizə çatdıq. Amma sakitləşmək olmaz. İlk altılığa düşməyimizə sevinə bilmərik. Uğurlarımızın davamını gətirmək istəyirik. Axı bizim də qarşımıza müəyyən hədəflər qoyulub.
- Sirr deyil ki, “Qarabağ” da çempion olmağa can atır...
- Əlbəttə. Mümkün qədər ən üst pillələrdə yer almaq istəyirik.
- Rəşad Sadıqovun dönüşünü necə qiymətləndirərdiz?
- “Qəbələ” ilə oyunda biz Rəşadın müdafiədəki varlığını necə lazımdı hiss etdik. Bizim müdafiədə belə təcrübəli futbolçu çatışmırdı. Fikrimcə, bundan sonra hər şey yaxşı olacaq.
- Əfran İsmayılov da geri döndü. Bundan sonra sizin əsas heyətə düşməyinizdə problem yaranmayacaq?
- Bunun ancaq xeyri ola bilər. Bizdə hər mövqe üzrə ciddi rəqabət var. Ona görə də kimin oynamasının elə də ciddi fərqi yoxdu. Əsas odu ki, komandanın ümumi uğuruna kömək edək.
- Ancaq istənilən halda Vüqar Nadirov ötən mövsüm daha yaxşı təsir bağışlayırdı...
- Bir az gözləyin, o, geri dönəcək (gülür). Sadəcə qol vura bilmirəm. Amma “Qarabağ”da kimin qol vurmasının elə də fərqi yoxdu. Vacib olan qələbəmizdi.
- Yığma komandada da ehtiyatda qalırsız...
- Berti Foqtsun da öz fikirləri var. Macarıstanla oyunda o, başqa futbolçuları sınayırdı. Ancaq ümid edirəm ki, Belçikaya qarşı forma geyə biləcəm. Bütövlükdə onu deyə bilərəm ki, Foqtsla heç bir problemim yoxdu.
- Özünüzü başqa komandada görmək istəmirsiz?
- Hələ mənim klubumla müqaviləm var və komandadan ayrılmaq haqda da qətiyyən düşünmürəm. Burda hər şey mənim ürəyimcədi.
