19 fevral 2011 14:28
Sergey Sokolov: Danışıqlar həmişə olub, olacaq da
Yığmamızın sabiq üzvü, “Qəbələ”nin əsas heyət oyunçularından olan müdafiəçi Sergey Sokolov azerisport.az saytına müsahibəsində sabah baş tutacaq “Muğan”la səfər oyunu və ilk altılığa düşmək şansları barədə fikirlərini açıqlayıb.
- Artıq “Qarabağ”la oyundakı darmadağını (0:3) unutmusuz?
- Belə yenilgiylə üzləşəcəyimizi yəqin ki, heç kim gözləmirdi. Lakin artıq bunu unutmalı və qarşıya baxmalıyıq. Bizim hələ şanslarımız qalır. Nəyəsə cəhd edə bilərik.
- Ancaq şanslarınızı çox yüksək qiymətləndirmək olmaz...
- Düzdü, elədi. Ağdamlılarla heç-heçə edə bilsəydik, qələbə qazansaydıq, indi tam başqa cür danışardıq. Ancaq bir şey var ki, AZAL və “Bakı” da ötən turu xal itkisiylə başa vurdu.
- “Muğan” ötən tur “Bakı”dan iki vacib xal alan komandadı, indi isə siz onlarla görüşürsüz...
- Biz bu xal itkisinə yol verməyə bilərik. Ancaq bu heç də asan olmayacaq. Lakin nə qədər çətin olsa da, biz ən yaxşısına çalışacağıq.
- Üstünlük “Qəbələ”də olacaq...
- Şübhəsiz. Axı “Muğan” bizi “Şəfa stadionunda qəbul edəcək. Biz də bütün məşqlərimizi məhz belə qazonda həyata keçirdiyimizdən, bu cəhətdən də üstünlüyümüzün olacağı dəqiqdi.
- Rəqibin digər maraqlı klublar tərəfindən stimullaşdırılmasından qorxmursuz?
- Əgər bu olsa da belə, yenə bizim problemdi. Bizim qarşımızda duran vəzifə Salyan təmsilçisi üzərində qələbə qazanmaqdı. Amma elə danışıqlar həmişə olub, olacaq da. “Muğan”ın stimullaşdırılması bizim üçün fakt ola bilməz.
- Yeri gəlmişkən, siz uzun fasilədən sonra yenidən əsas heyətə qayıtdınız. Buna, Saşa Yunisoğlunun zədəli olması şərait yaratdı?
- Fikrimcə, bəli. Toni Adams dəyişiklik tərəfdarı deyil. Onun öz taktikası və oyunçuları var ki, məhz onlara üstünlük verir. Məhz mənim çıxış etdiyim oyunda “Qarabağ”a 3 cavabsız qolla uduzmağımız xoş olmasa da, hər halda yenə özümü göstərməyə çalışacam.
