21 fevral 2011 14:58
“Təsəvvür edə bilməzsiz ki, buna necə sevinirdim”
"Xəzər Lənkəran”ın bu qış “Muğan”dan aldığı yarımmüdafiəçi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində AZAL üzərində qazanılan qələbədən, çempionluq şanslarından və Premyer Liqadakı rəqabətdən danışıb.
- XL AZAL ilə oyuna yaxşı başlasa da, erkən qol vura bilmədiz...
- “Xəzər Lənkəran” evdə həmişə yaxşı oynayır. AZAL-la oyunda da ilk dəqiqələrdən hücuma atıldıq. Özünüz də gördüz ki, nə qədər qol vəziyyəti yaratsaq da, son nöqtəni qoya bilmirdik. Şadam ki, nəticədə qalib gələ bildik. Rəqibi də qiymətləndirmək lazımdı. Nazim Süleymanovun komandası heç də pis oynamadı. Onlar hətta hesabı bərabərləşdirməyi də bacardılar. Bu isə göstərir ki, onlar heç də burdan xalsız qayıtmaq istəmirdilər. Ancaq bizi də Lənkəranda ancaq qələbə qane edir.
- Bu oyunda siz də XL-da ilk qolunuzu vurdunuz...
- Buna görə çox sevincliyəm. Təsəvvür edə bilməzsiz ki, buna necə sevinirdim. Topu ələ keçirəndən sonra gördüm ki, qapıya zərbə vura bilərəm. Çünki qarşımda heç kim yox idi. Zərbədən sonra topun qapıda olduğunu görəndə çox sevindim. Məşqçi sağ olsun ki, mənə özümü göstərmək üçün belə şans yaratdı. Hər bir futbolçu ümidləri doğrultmaq istəyir. Bu qol da mənim üçün çox xüsusidi.
- Sizin elə ikinci qolda da xidmətiniz oldu...
- Künc zərbəsini yerinə yetirdim və digər oyunçumuz topu lazımı şəkildə qapıya ünvanladı. Qapıçı elə ötürmə gözləmirdi. Əsası odu ki, ikinci qolu vura və qələbə qazana bildik. Axı hər birimiz ancaq komandamızın qələbəsi üçün çalışırdıq. Biz qorxurduq ki, evdə xal itirə bilərik. Bu, olmamalıydı və Allah Şükür ki, olmadı da.
- Nduka hesabı bərabərləşdirəndə qorxmurduz ki, “Neftçi” ilə xal fərqi daha da böyüyə bilər?
- Bu haqda düşünmək belə istəmirdik. Bilirdik ki, 1:1 hesabı bizi qane etmir və buna görə bütün komandayla hücuma atılmışdıq. Hücum edən komanda da gec-tez qol vurur. Həm də biz azarkeşlərimizi qələbəylə sevindirmək istəyirdik. Mən “Xəzər Lənkəran”da yeni olduğumdan qələbə mənim üçün ikiqat sevincliydi.
- Qışda başqa klublardan da təkliflər var idimi? Yəqin ki, XL-a gəldiyinizə peşman deyilsiz...
- Düzdü, digər klublardan da dəvətlər var idi. Ancaq mən qərar verdim ki, XL-da oynayacağam. Bu komanda həmişə birinci olmağa çalışır. Əla azarkeşlərimiz var. Lənkəran stadionu həmişə dolu olur. Fikrimcə, düzgün seçim etmişəm. İndi öz üzərimdə işləmək və öz zamanımı gözləmək qalır.
- Növbəti turda “İnter”də oynayırsız...
- Bu, çox vacib oyun olacaq. Axı “İnter” bizim izləyicimizdi və bu komandadan mütləq aralanmaq lazımdı. Hətta Bakıda da oynasaq belə, mütləq qələbə qazanmalıyıq. Xal itkisi işimizi çətinləşdirə bilər. Biz elə riskə yol verə bilmərik.
- Demək olar ki, XL çempionluğa əsas namizədlərdən biridi?
- Çempionluqdan danışmaq hələ tezdi. Axı hələ heç “altılıq” oyunları başlamayıb. Odu ki, gəlin bir az gözləyək. Qarşıda bizi “Neftçi” ilə 4 oyun gözləyir. Çempionluğu mövsümün son oyunları həll edəcək. Hələ heç kim medalları özü üçün təmin etməyib.
