21 fevral 2011 15:08
Georgiyevski: Bu gedişlə onlar çətin Premyer Liqada qalsın!
“Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavko Georgiyevski "Simurq"la səfər matçı barəsində danışıb. Azerisport.az dayaq yarımmüdafiəçisi ilə müsahibəni təqdim edir.
- "Simurq"la oyunda komandanız 3:0 hesabı ilə qalib gəldi. Görüş necə keçdi?
- Açığı Zaqatala təmsilçisinin belə zəif təsir bağışlayacağını gözləmirdim. Çünki, Qyoko Haciyevskinin məşqçilik işinə bələdəm. O, Makedoniyada ən güclü mütəxəssislərdən biridi. Ancaq hazırki komandası lazımlı oyunçuları transfer etmədiyi üçün, "Simurq" çox zəif futbol nümayiş etdirir. Bu gedişlə onlar çətin Premyer Liqada qalsın!
- Oyundan sonra rəqibin baş məşqçisi ilk iki qolda hakimlərin səhvə yol verdiyini vurğulayıb.
- Bax, mən artıq bunu başa düşə bilmirəm. Oyuna baxanlar hər kəs gördü ki, "Neftçi" rəqibindən beş baş üstündü. Necə ola bilər ki, matçda komandamız təqribən 70-75 faiz topa nəzarət edir, ondan artıq qol epizodu yaradır, ancaq rəqib hakimin səhvlərindən danışır. Yəqin ki, onlar oyunun videoyazısına baxdıqdan sonra, yanlış düşündüklərini anlayacaqlar. Mən isə deyirəm ki, "Simurq"la görüş bizim üçün "asan gəzinti" idi. Hətta deyərdim ki, ilk dövrədəki komanda bizə 4:0 hesabı ilə məğlub olmasına baxmayaraq, son görüşdən daha yaxşı təsir bağışlamışdı.
- Oyundan sonra keçirilən mətbuat konfransında Haciyevski konkret ilk qolun ofsayddan vurulduğunu bildirib.
- Matçdan həmən sonra hər şey demək mümkündü. Həmin epizodun ofsaydla uzaqdan-yaxından əlaqəsi yoxdu. Rəşad Abdullayev sürəti hesabına rəqib müdafiəçini keçərək epizodu qola çevirdi. Belə vəziyyətdə bizim futbolçumuz 2 metrə yaxın məsafədən rəqibin arxasından çıxaraq onu keçirsə, necə ofsayd ola bilər!? Video görüntülərdə bu aydın görünür.
- Növbəti oyunda MOİK-lə qarşılaşırsız. Rəqib Premyer Liqanın autsayderlərindən biridi.
- Biz hər görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq. MOİK-lə oyunda istisna deyil. Bizi digər komandaların qazandığı nəticələr maraqlandırmır. Çünki hər görüşdə 3 xalı qazanmaqla çempion olacağımızı bilirik.
