21 fevral 2011 18:18
Roma`nın yeni baş məşqçisi müəyyənləşdi
İtaliyanın “Roma” klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, dünən Klaudio Ranyerinin istefasından sonra başsız qalan paytaxt klubunun sükanı heç də böyük təcrübəyə malik olmayan, lakin uzun illər “Roma”nın uğurları üçün çalışmış Vinçentso Montellaya tapşırılıb.
Qeyd edək ki, A Seriyasının son turunda baş tutan “Genoa” ilə səfər matçında komandasının 3:0 üstün durumda olduğu halda, sonda meydanı 3:4 hesablı yenilgiylə tərk etməsinin ardından Ranyeri istefa qərarını açıqlamışdı. Bu gün isə rəhbərlik onun istefasını qəbul etdiyini açıqladı. Paytaxtın eyniadlı klubu yeni baş məşqçi üçün elə də çox axtarış etməyib. Belə ki, romalıların gənclərdən ibarət komandasında çalışan Montella əsas komandanın sükanı arxasına gətirilib.
Qeyd edək ki, vaxtilə bu komandanın ən məhsuldar hücumçularından olan Montella "Empoli", "Genoa", "Sampdoria", İngiltərənin "Fulham" kimi klublarında da top qovub. Lakin karyerasının böyük hissəsini məhz "Roma"da keçirib. İtaliya millisində də xeyli oyun keçirmiş Vinçentso vaxtilə "skuadra adzurra" ilə Bakıya da gəlib və millimizlə oyunun iştirakçılarından olub.
