24 fevral 2011 01:35
ÇL-in qalibi üçün son dəqiqə şoku (YENİLƏNİB)
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələnin görüşləri iki həftəyə bölündüyündən, qalan 4 qarşılaşma məhz həftə baş tutdu.
İlk oyun günündə İngiltərənin “Chelsea” klubu səfərdə “Copenhagen”lə münasibətlərinə aydınlıq gətirib. İki cavabsız qol vuran ingilislər demək olar ki, cavab görüşünü formallığa çevirib. Lakin günün daha maraqlı görüşü Fransanın “Olympique” (Lion) klubu ilə Joze Mourinyolu İspaniya təmsilçisi - “Real” arasında baş tutub. Hesabı qonaqlar açsa da, sonradan bərabərlik qolunu vuran fransızlar hər şeyin cavab görüşünə qalmasına imkan yaradıb.
Ən çox maraq doğuran görüş isə ikinci oyun gününə təsadüf edib. Ötən mövsüm ÇL-in finalında üz-üzə gələn və rəqibini məğlub edərək, qızıl medallara sahib çıxan İtaliya “Inter”i Münhenin “Bayern” (Almaniya) klubunu qəbul edib. Millimizin çalışdırıcısı Berti Foqtsun həmyerliləri ötən mövsümkü yenilginin qisasını çıxmaq üçün mütləq səfərdən sərfəli nəticəylə dönməliydi. Onlar buna artıqlaması ilə nail olublar. Belə ki, son dəqiqələrdə vurulan qol almanlara mühüm qələbə qazandırıb. Son çempionu isə titulunu qorumaq üçün Münhendə çətin oyun gözləyir. Fransanın digər “Olympique”i – Marsel şəhərinin təmsilçisi isə “Manchester United”lə dueldə qalib gəlməyə çalışsa da, buna nail ola bilməyib. Tərəflər meydandan qolsuz heç-heçəylə ayrılıb.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
22 fevral
Copenhagen (Danimarka) – Chelsea (İngiltərə) - 0:2
Qollar: Anelka, 17; 54.
Olympique (Lion, Fransa) – Real (İspaniya) - 1:1
Qollar: Qomis, 84 - Benzema, 66.
23 fevral
Inter (İtaliya) – Bayern (Almaniya) - 0:1
Qol: Qomes, 90.
Olympique (Marsel, Fransa) - Manchester United (İngiltərə) - 0:0
