22 fevral 2011 18:04
Ritus Krjauklis: Lənkəranda uduzsaq da, yaxşı oynadıq
AZAL-ın latviyalı müdafiəçisi Ritus Krjauklis azerisport.az saytına müsahibəsində Premyer Liqanın 21-ci turunun “Xəzər Lənkəran”la oyunu, “Bakı” ilə qarşıdakı görüş və Azərbaycan çenmpionatındakı çıxışını dəyərləndirib.
- Bütün cəhdlərinizə baxmayaraq, Lənkərandan heç-heçə ilə qayıda bilmədiniz…
- Biz heç-heçəni saxlamaq üçün çalışmırdıq. Əksinə, bizə qələbə lazım idi. Məğlub olmağımıza baxmayaraq, yaxşı oynadıq. Belə alındı.
- Amma oyuna kimi ilk altılığa düşməyiniz həll olunmuşdu. Bu, sizin motivasiyanızı korlamamışdı?
- Xeyr. Buna görə komandada heç bir eyforiya yaranmamışdı. Biz ancaq öz oyunumuzu düşünürdük.
- Qarşıda “Bakı”yla oyununuz var. Qələbə qazanması vacib olan komandaya qarşı oynamaq çətin olmayacaq ki?
- Çətindi. Ancaq biz o haqda düşünməyəcəyik ki, rəqibə nəsə lazımdı. Bizə də öz məqsədimizə nail olmaq lazımdı. Liderlər qrupundan aralanmamaq üçün biz də xal itirməməliyik. Hansı ki, son vaxtlar buna çox yol veririk.
- Latviya çempionatında da Lənkərandakı kimi ajitaj olur?
- Əlbəttə ki, yox. Bizim çempionatda azarkeşlərin oyuna gəlmə sayı çox azdı. Lənkəranda isə ciddi ajiotaj vardı. Belə azarkeş kütləsi qarşısında oynamaq çox xoş idi.
- Yeri gəlmişkən, bu, sizin ilk əcnəbi klubunuzdu. Niyə Azərbaycan?
- Niyə də yox? Maraqlı çempionatdı. Qərar verdim ki, burda da oynamaq olar.
- Latviya yığmasının və “Bakı”nın baş məşqçisi Aleksandr Starkovun Azərbaycana gəlişinizə münasibəti necə oldu?
- Normal. Uğurlar arzuladı. İndi Starkova daha yaxın olacam.
- Məgər daha yaxın olmaq imkanınız var idi?
- Mənə “Bakı”dan heç bir təklif olmamışdı. Heç bu haqda düşünməmişəm də. Məni AZAL dəvət etdi və buradayam.
