22 fevral 2011 21:33
Millimizin müdafiəçisi ermənilərlə dueldən məğlub ayrıldı
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkmənistanda keçirilən turnirdə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi Rusiyanın “Anji” klubu Abadan şəhərində keçirilən Prezident Kuboku uğrunda beynəlxalq turnir çərçivəsindəki ikinci görüşündə Ermənistan “Qandzasar”ı ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Mahaçqala klubu bu turnirə əvəzedici heyətini göndərib. Mahir də əvəzedici komandaya göndərildiyindən əsas komandanın Türkiyədəki hazırlıq prosesində yox, məhz ikinci komandanın qatıldığı bu turnirdə top qovur. İlk oyunlarında İranın “Aqab Qonbad” komandası ilə qarşılaşan həmyerlilərimizin komandası 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdi. Ermənilərlə qarşılaşmada isə “Anji” məğlubiyyətlə üzləşib. Hələ birinci hissədə penaltidən fərqlənən ermənilər sonadək qələbə hesabını qoruyub saxlaya bilib. Mahir fasilədən sonra meydana çıxmaq fürsəti əldə etsə də, komandasının məğlubiyyətdən xilas edə bilməyib.
Maraq üçün qeyd edək ki, “Anji”nin əvəzediciləri qrupdakı son oyununu fevralın 24-də yerli “Altın Asır”a qarşı keçirəcək.
