22 fevral 2011 11:58
123-cü debüt və ya 5-ci afrikalı
Azərbaycan Premyer Liqasının 21-ci turunun AZAL-la oyununda daha 2 futbolçu “Xəzər Lənkəran”ın heyətində debüt etdi. Azerisport.az xəbər verir ki, Kosmin Fransinesku və İbrahima Banqura karyeralarında ilk dəfə “ağ-yaşıl” formada meydana çıxdı.
Bu matçadək sözügedən klubun tarixi ərzində 121 oyunçuya bu nəsib olmuşdu. Debütantların sayəsində bu rəqəm 123-ə çatdı. 2011-ci ilin ilk 2 oyunu ərzində debütantların ümumi sayı isə 10 oldu. Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Xristu Kyaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka “Neftçi” ilə ötən turun matçında debüt etmişdilər.
Son 2 debütantın hər ikisi legionerdi. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”ın 7 illik tarixi ərzində güvəndiyi əcnəbilərin sayı 72 oldu. Belə ki, “təyyarəçilər”lə qarşılaşmayadək 70 legioner bunu bacarmışdı. Bu “cütlük”dən Kosmin Rumıniya, İbrahima isə Qvineya təmsilçisidi. Frasinesku öz ölkəsinin komandadakı 15-cı futbolçusudu ki, bu göstəricidə Rumıniya aşkar liderdi. İlk qvineyalı kimi klubun tarixinə düşən Banqura isə ümumilikdə 5-ci afrikalıdı. Onun təmsilçisi olduğu Qvineya isə komandaya oyunçu verən 27-ci xarici ölkə oldu:
Rumıniya – 15, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya – hərəsi 1.
