22 fevral 2011 12:36
Rəşad Abdullayev: Bu matçın qalibi həm də finalda olacaq
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində “Simurq”la son oyundan, həmçinin qarşıdakı MOİK və “Xəzər Lənkəran”la kubok görüşləri barədə fikirlərini açıqlayıb.
- Belə demək olarmı ki, “Simurq”u keçmək “Neftçi” üçün elə də çətin olmadı?
- Yox, çətin oyun idi. Sadəcə biz erkən qol vurmağa nail olduq. Zaqatalada oynamaq həmişə çətin olub. Üstəlik hava şəraiti də pis idi. Qar problem yaradırdı. Bizim məqsədimiz isə isətilən halda qələbə qazanmaq idi ki, buna da nail olduq. Bilirdik ki, “Simurq” müdafiədən oynamalı olacaq. Axı belə komandalar adətən əks-hücuma üstünlük verirlər. İlk qola kimi gərginlik var idi. Erkən qol bizə çox kömək etdi. Demək olar ki, ilk 20 dəqiqə ərzində hər şey həll olundu.
- “Simurq”un baş məşqçisi Qyoko Haciyevski bildirib ki, ilk iki qolda siz qolları qaydalar çərçivəsində vurmamısız...
- Hesab edirəm ki, fərqləndiyim ilk qol zamanı oyundankənar vəziyyət yox idi. Ötürmə anında mən müdafiəçiylə birgəydim və heç bir ofsayd yox idi. Ancaq mən Haciyevskinin də fikrinə hörmətlə yanaşıram. Yəqin ki, biz oyunun təkrarına baxacağıq və bir daha həmin epizodlarda ofsayd olub-olmadığını dəqiq biləcəyik. Biz hələ ilk qola kimi də 2-3 dəfə fərqlənmək üçün real imkanlar əldə etmişdik.
- Artıq əminliklə demək olar ki, “Neftçi” birinci mərhələnin çempionudu. Axı son oyununuz MOİK-ə qarşıdı...
- Mən də düşünürəm ki, “hərbçilər”lə oyunumuz çətin olmayacaq. Ancaq rəqibi qiymətləndirməmək də olmaz. Son vaxtlar favoritlər autsayderlərlə oyunlarda çox xal itkisi ilə üzləşirlər. Bəziləri heç-heçə edir, bəziləri uduzur. Bu üzdən hər şeyə hazır olmalıyıq. Hər bir rəqibə hörmət edirik. Çox şadam ki, “Neftçi” ilk altılığa lider kimi daxil olur.
- Bu, sizə “altılıq”da çoxmu kömək edəcək?
- Psixoloji cəhətdən özümüzü daha yaxşı hiss edəcəyik. Axı “altılıq”da hər bir xal qızıla bərabər olacaq. Bütün 6 komandanın çempionluğa şansı olacaq. Odu ki, lider olmaq, çox əla hissdi. Biz çalışacağıq ki, mövsümün sonuna kimi liderliyimizi qoruyaq.
- Çempionatla yanaşı, kubok mübarizəniz də var ki, rəqibiniz də “Xəzər Lənkəran”dı...
- Çempionatdan fərqli olaraq, kubokda mütləq qalib gəlməlisən. “Xəzər Lənkəran”la “Neftçi” arasındakı matçlar ayrı mövzudu. Evdə qələbə qazanmağa, səfərdən isə sərfəli nəticəylə dönməyə çalışacağıq. Axı kubokda qalibi iki oyun müəyyənləşdirəcək. “Böyük oyun”lar həmişə maraqlı olub, azarkeşlər bu dəfəki görüşlərimizi də erkən final kimi dəyərləndirirlər. Fikrimcə, bu matçın qalibi həm də finalda olacaq. Hər iki komandaya çətin olacaq, amma, “Neftçi”ni ancaq qələbə qane edir.
- Siz vaxtilə “Xəzər Lənkəran”da da çıxış etmisiz. “Böyük oyun”lar vaxtı onlar sizi necə qəbul edirlər?
- Normal. Əlbəttə, bəzi epizodlarda, hansı ki, top məndə olur, onda narazılıqlarını hiss etmək olur. Ancaq mən hər şeyə hazıram. Matç zamanı heç kimə, heç nəyə fikir vermirəm. Mənim işim meydana çıxmaq və “Neftçi”nin qələbəsi üçün əlimdən gələni etməkdi. Hətta “Xəzər Lənkəran”da oynayanda da azarkeşlərin münasibəti həmişə yaxşı olub.
