23 fevral 2011 12:57
Rəşad Sadiqov: İndi məsuliyyətim daha da artıb
“Qarabağ”ın Premyer Liqanın son turunda “Gəncə” ilə oyunu bir sıra məqamlara görə zəngin oldu. Azerisport.az xəbər verir ki, təxminən 5 illik fasilədən sonra yenidən qərb zonasının mərkəzində oyuna çıxan Ağdam təmsilçisi Premyer Liqada 6 oyunluq qələbə seriyası da əldə etdi.
Digər maraqlı bir məqam isə komandanın heyətində Rəşad Sadiqovun rəsmi oyunda ilk dəfə kapitan kimi meydana çıxması oldu. Artıq 2 ildi “Qarabağ”da çıxış edən 27 yaşlı yarımmüdafiəçi bu münasibətlər duyğularını bölüşüb:
“Belə baxanda təəccüblü olmadı. Hələ Antalyada keçirilən təlim-məşq toplanışı zamanı yoxlama oyunlarında kapitan kimi meydana çıxmışdım. Təbii ki, belə böyük camiədə kapitan olmaq qürurverici hissdi. İndi məsuliyyətim daha da artıb. İndi məcburam ki, oyunlara 2 qat motivasiya ilə çıxım. Kapitan kimi ilk oyunumuzda qələbə qazanmağımız təbii ki, xoş duyğudu”.
Cari mövsüm 4 qol vuran və eyni sayda məhsuldar ötürmə edən Sadiqov göstəriciləri artıracağına inanır: “Son oyunlarda yaxşı çıxış edirik. Əfranın qayıdışıyla hücum xəttində rəqabət də güclənib. Daha çox irəlidə oynamağa çalışırıq. İnşallah, istərdim ki, daha çox qol vurum. Yaxşı ötürməyə də pis baxmıram. Qarşıda 11 oyun var. İnanıram ki, məhsuldarlığımız daha da artacaq”.
