23 fevral 2011 00:51
Sadıqov Anji`nin Bakıya gəlməkdən imtinası və Karlosdan danışdı
Rusiya Premyer Liqasında mübarizə aparan “Anji” klubunun azərbaycanlı məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Roberto Karlosu transfer etmələrindən, Türkiyənin Antalya şəhərindəki hazırlıqlarından danışıb.
- Çempionata hazırlıq necə gedir?
- Komanda Türkmənistana turnirə yollanıb. Bəzi oyunçularsa Antalyada qalıb, başda komandanın əsas ulduzu Roberto Karlos olmaq şərtilə. Digərləri isə ayrıca proqramla hazırlaşırlar. Fevralın 28-nə kimi Türkiyədə hazırlıq keçəcəyik. Ona görə ki, “Zenit”lə kubok oyunumuz olacaq. Peterburqlularla dueldən sonra yenə Antalyaya qayıdacağıq. Ondan sonra martın 11-nə kimi burda qalmalıyıq. Ayın 12-də isə “Krasnodar”la ilk çempionat oyunumuz var.
- “Anji” Bakıya gəlməliydi. Ancaq planlarda dəyişiklik edildi. Nə baş verdi ki?
- Düzdü, öncədən Bakıya gəlməyimiz planlaşdırılmışdı. Ancaq bu qərar sonradan dəyişdirildi. Ona görə ki, komanda həmin hazırlığı da Antalyada keçirməyə qərar verdi.
- Roberto Karlos məşqlərdə özünü necə göstərir?
- Bu, şübhəsiz ki, klub üçün böyük transferdi. İndi futbolçularda daha böyük motivasiya var. Braziliyalı böyük insani keyfiyyətlərə malikdi. Onun transferi hamını daha yaxşı oynamağa vadar edəcək. Fikrimcə, bu transfer “Anji”yə çox yarayacaq. Roberto Karlos adi futbolçu deyil. Böyük klublarda oynayıb, dünya çempionu olub.
- Mətbuatda bildirilir ki, Karlos komandadan ayrı çalışır...
- Səhərlər fərdi məşqlər olur. Axşamlar isə o da komandayla birgə çalışır. O, digər oyunçularla da dostcasına münasibət saxlayır. Düşünürəm ki, biz qarşıdakı mövsümdə tam fərqli “Anji” görəcəyik.
- Mümkündür ki, bu transferlərdən sonra komandanızın məqsədləri də dəyişsin?
- Komandanın məqsədlərindən danışa bilmərəm. Bu, klub rəhbərliyinin işidi. Fevralın 26-da klub prezidentinin komanda üzvləri ilə görüşü planlaşdırılır. Mümkündü ki, məhz həmin görüşdə komandanın qarşısına qoyulan vəzifələr də müəyyələşsin. Təbii ki, bəzi yeni transferlərdən sonra qarşıya qoyulan vəzifələrdə də dəyişiklik olacaq.
- Karlosun digərlərindən daha çox pul alması problem yaratmayacaq ki?
- Heç bir problem yoxdu. Hər bir peşəkar oyunçu öz qiymətini bilir. Ümumiyyətlə, mən kiminsə pulunun hesablanmasının əleyhinəyəm. Kim, nə alırsa, deməli ona layiqdi. Əgər kimsə daha çox qazanmaq istəyirsə, deməli, daha yaxşı oynamağa borcludu.
- Hamı onu möhtəşəm zərbələri ilə tanıyır. Yenə də elədi?
- Biz məşqlərdə də görürük ki, o, topla necə işləyir. Onun zərbələri hələ də möhtəşəmdi. Görəcəksiz, Karlos, hələ özünəməxsus zərbələrini Rusiya çempionatında da vuracaq.
