23 fevral 2011 19:45
Nasimovla Flavinyo Banişevskidən danışdı (FOTO)
Bu gün 65 yaşı qeyd edilən əfsanəvi futbolçu Anatoli Banişevskinin məzarını ziyarət edənlər arasında “Neftçi”nin legioner futbolçuları da iştirak edib. Azerisport.az xəbər verir ki, Anatoli Banişevskinin oynadığı 9 nömrəli formanın hazırkı sahibi Flavinyo və Premyer Liqanın bombardiri Bahodir Nasimov da ziyarətçilər sırasında olub.
Braziliyalı futbolçu Flavinyo Banişevski kimi əfsanəvi futbolçunun nömrəsini daşıdığı üçün fəxr etdiyini bildirib: "Mənə Anatoli Banişevskinin necə dahi oyunçu olması haqqında məlumat veriblər. Həmçinin, onun karyerası ərzində yalnız "Neftçi"nin formasını daşımasını da bilirəm. 9 nömrəli formanı geymək, mənim məsuliyyətimi daha da artırır. Anatoli Banişevskinin "Marakana"da Braziliya yığmasının qapısına qol vurmasını da bilirəm".
Nasimov da tədbirdə öz fikirlərini bildirib: "Bu gün mən "Neftçi"nin şanlı tarixi ilə qarşı-qarşıyayam. Mənə Anatoli Banişevskinin necə dahi hücumçu olması haqqında danışıblar. O, həmçinin SSRİ yığmasının heyətində böyük uğurlar qazanıb. O dövrdə SSRİ yığması çox güclü idi, onların qazandığı nəticələr də buna sübutdu. Banişevskinin "Neftçi" üçün çox böyük xidmətləri olub. O daim "ağ-qara" rənglərə könül verən azarkeşlərin yaddaşında qalacaq. Mən də vurduğum qollarla "Neftçi" azarkeşlərini daim sevindirmək istəyirəm".
