23 fevral 2011 12:45
“Biz özümüzü Premyer Liqanın ən yaxşısı hesab edə bilmərik”
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının yenilərindən, “Qəbələ” və “Gəncə” üzərindəki qələbələrdən, həmçinin yığmadan danışıb.
- “Qarabağ” son iki oyunda əla təsir bağışladı. Qış hazırlıq prosesi sözünü deyirmi?
- Müsbət fikirlərinizə görə təşəkkürümü bildirirəm. İki ardıcıl qələbəyə baxmayaraq, biz hələ ideal forma yığa bilməmişik. Əsas olan nəticədi ki, biz onu hər tur əldə etməyə çalışırıq. “Qarabağ” artıq ilk altılıqdadı. İndi artıq sırf həlledici mərhələ haqda düşünmək olar. Əlbəttə, hələ qarşıda bizi birinci mərhələnin son oyunu da gözləyir. “Qəbələ” və “Gəncə” üzərindəki qələbələrə çox sevindik, amma komandanın əsas oyunları hələ qarşıdadı. Təəssüf ki, qazon amili daha yaxşı oyun sərgiləməyimizə mane olur.
- Maksim Medvedevlə Əfran İsmayılovun durumu nə yerdədi?
- Əfran gündən-günə formasını bərpa edir. O, özü 90 dəqiqə oynamaq istəsə də, biz buna icazə vermirik. Qoy hələlik 20-30 dəqiqə oynamaqla formasını tam bərpa etsin. İndidən onu çox yükləmək istəmirik. Maksim də artıq komandayla məşqlərə başlamaq üzrədi. Bizim həkimlər türkiyəli həmkarlarıyla bir daha danışdıqdan sonra yekun diaqnozlarını verəcəklər. Bundan sonra müvafiq bərpa prosesi tətbiq olunacaq. İnanıram ki, o, “altılıq” mərhələsində bizə kömək edə biləcək.
- Yəqin ki, Georgi Adamiyanın oyunu sizi sevindirməyə bilməz...
- Adamiya son iki oyunu yaxşı keçirdi. Biz çox şadıq ki, o, belə yüksək səviyyəli oyun sərgiləyir. Hansı ki, məhz onun vurduğu qol bizə Gəncədən qələbəylə dönməyə şərait yaratdı.
- “Qarabağ” yaxşı oynamağa başlayıb. Ola bilər ki, çempionluğa da can atasız?
- İki oyunda ardıcıl qələbə qazanandan sonra dərhal çempionluqdan danışmağımız düz çıxmır. Azərbaycan çempionatında hər an hər şey dəyişə bilər. Komandanın qarşısına avrokuboklara düşmək vəzifəsi qoyulub. Çempionatın sonunda buna hansı yeri tutmaqla nail olacağımızı mayda biləcəyik. Hazırkı məqamda biz özümüzü Premyer Liqanın ən yaxşısı hesab edə bilmərik. Hər tur özü-özlüyündə çətindi.
- Martda ongünlük fasilə olacaq. Komandanız həmin dövr üçün nə planlaşdırır?
- Hələ bilmirik. Öncə biz Antalyada bir həftəlik toplanış keçməyi düşünürdük. Ancaq hələ heç nə dəqiqləşməyib. Qarşıdakı oyundan sonra planlarımızı müəyyənləşdirəcəyik. Qarşıdan yığmanın da toplanışları gəlir deyə, futbolçuları psixoloji cəhətdən yükləmək də istəmirik. Ola bilər ki, elə Bakıda hazırlaşaq. Hər şeyə həftənin sonunda aydınlıq gətirəcəyik.
- Yeri gəlmişkən, Novruz bayramında futbolçular ölkə kənarında toplanışda olacaq. Bu, sizi narahat etmir?
- Mən hələ yığmanın hazırlıq planlarıyla tam yaxından tanış olmamışam. Yaxın günlərdə hər şeyi aydınlaşdıracağıq və elə edəcəyik ki, bizim planlarımız yığmanın hazırlığına maneə yaratmasın. Narahatlığa gəlincə, mən həmişə istəmişəm ki, futbolçularım həmişə komandada olsun, birgə hazırlıq keçə bilək. Ancaq nə etmək olar? Yığma komanda da hazırlaşmalıdı və biz buna razılaşmaq məcburiyyətindəyik.
- Komandanızın yeni üzvlərindən razısız?
- Onlara hələ tam uyğunlaşmaq üçün zaman lazımdı. Hesab edirəm ki, onlar ümidləri doğruldacaqlar. Son turda Boyan Pavloviç 90 dəqiqə meydanda oldu və pis oyun sərgiləmədi. Fikrimcə, zamanla hər şey daha yaxşı olacaq. Nedzipi də özünü yaxşı tərəfdən göstərir. Onun da özünü tam göstərməsi üçün zamana ehtiyacı var.
