24 fevral 2011 13:17
Yenə mərkəzi oyun, yenə Xəzər Lənkəran və sindrom
Premyer Liqanın ötən iki turunda olduğu kimi, bu dəfə də turun mərkəzi oyunu “Xəzər Lənkəran”ın iştirakı ilə keçəcək. Azerisport.az xəbər verir ki, bu həftə Lənkəran klubunu son ölkə çempionu “İnter”lə səfər oyunu gözləyir.
Maraq üçün qeyd edək ki, 22-ci turla çempionatın ilk hissəsi olan təsnifat mərhələsi yekunlaşmış olacaq. Çempionluq uğrunda mübarizə aparan “Xəzər Lənkəran”ın əsas məqsədi final mərhələsinə “Neftçi” ilə aralarındakı bir xallıq fərqi qorumaq şərtilə daxil olmaqdı. Əvvəlki iki turda bu minimal missiyanı yerinə yetirən komanda indi son çempionla çətin səfər matçına yollanır ki, elə rəqibin də məqsədi çox da fərqli deyil.
Bu komanda “Birlik Kuboku”nda qələbə və çempionatda iki oyuna 6 xalla uğurlu start verib. İndi XL-ın ən yaxın izləyicisi olan “bankirlər” bu turda xal fərqini azaltmaq imkanı əldə edir. Beləliklə, hər iki komanda təsnifat mərhələsini uğurla bitirmək üçün bu qarşılaşmadan maksimum yararlanmağa çalışacaq.
Bu komandalar arasındakı il oyuna gəlincə, cari mövsümkü ilk qarşılaşma 3-cü tur çərçivəsində Lənkəranda keçirilmiş və 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı. Ümumilikdə, bu mövsüm “İnter”in ev oyunları statistikasına nəzər salsaq komandanın yalnız 1 dəfə məğlub olduğunu, 2 dəfə heç-heçə oynadığını və 7 dəfə qalib gəldiyini görürük. “Xəzər Lənkəran” isə öz növbəsində 10 səfər oyununun 5-də qalib gəlib, 3 heç-heçə edib və 2 dəfə məğlub olub. Qolların statistikasında isə “Xəzər Lənkəran”ın üstünlüyünü görə bilərik – komanda rəqibindən 2 qol çox vurub (25-23) və qapısından iki qol az buraxıb (11-13).
Oyunun keçiriləcəyi “Şəfa” stadionunda XL artıq iki dəfə oynayıb. Bu qarşılaşmaların hər ikisindən “Xəzər Lənkəran” üç xalla ayrılıb – AZAL-a qarşı oyun 1:0, MOİK-ə qarşı oyun 2:0 hesabı ilə başa çatıb.
Lakin bütövlükdə öncəki çempionatların tarixinə nəzər saldıqda “İnter”ə qarşı səfər oyunlarının XL üçün ən çətin görüşlərdən olduğunu görə bilərik. Bugünə kimi 7 dəfə “İnter”ə qarşı səfər oyunu keçirmiş “Xəzər Lənkəran” bu oyunların 3-də məğlub olub və 4 dəfə heç-heçə oynayıb. Qeyd edək ki, hazırda çempionatda çıxış edənlərdən “İnter” yeganə komandadı ki, “Xəzər Lənkəran” ona bugünə kimi səfərdə qalib gəlməyib. Bu bazar baş tutacaq vacib oyunda qalib gəlməklə komanda bu sindorma son qoymağa çalışacaq.
