24 fevral 2011 13:39
Əliyev: Özümüzə 3 xal lazımdısa, Bakı`ya necə kömək edə bilərik?
AZAL-ın müdafiəçisi Elvin Əliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun “Xəzər Lənkəran”la oyunu, qarşıdakı “Bakı” ilə qarşılaşma, itirilən xallar və yığma barədə danışıb.
- Son iki turda AZAL sadəcə 1 xal toplaya bilib. Komandada nə baş verir?
- XL-la oyunda iştirak etmirdim. Ancaq hamı gördü ki, komanda necə çıxış etdi. Cənublular evdə həmişə yaxşı oynayırlar. AZAL da normal oynadı, qol vəziyyətləri yarada bildi. Biz hətta qol da vura bildik. Təəssüf ki, heç-heçə hesabını qoruyub saxlaya bilmədik və sonda uduzduq. Lənkəranlıların yeni transferləri özlərini yaxşı tərəfdən göstərə bildilər. Ola bilsin ki, bizi “Qəbələ”nin uduzması arxayınlaşdırdı. Axı onların uduzması ilə bizim ilk altılığa düşməyimiz təmin olunmuşdu.
- “Altılıq” oyunları öncəsi son qarşılaşmanız “Bakı”ya qarşı olacaq. Bu oyuna necə motivasiya olacaqsız?
- Bu vaxta kimi 3-cü pillədə qərarlaşsaq da, indi 5-ciyik. Əvvəlki mövqeyimizi geri qaytarmağa çalışırıq. Öz səhvlərimizdən xallar itirdik. Əgər avrokuboklara düşmək istəyiriksə, mütləq xal ehtiyatımızı yaxşılaşdırmalıyıq. “Bakı” ilə oyunda bizi ancaq qələbə qane edir. Bizim üçün hər bir xal artıq qızıla bərabərdi. Hətta ilk altılıqdakı yerimizi təmin etsək də belə, yenə qələbəyə oynamağa borcluyuq. Axı bizi qarşıda daha çətin oyunlar gözləyir. Buna görə “Bakı”nı mütləq məğlub etməliyik.
- Rəqib üçün bu görüş sizlə müqayisədə daha vacib əhəmiyyət daşıyır...
- Bizi kənar problemlər maraqlandırmır. Bizi AZAL-ın gələcəyi düşündürür. “Bakı” güclü komandadı. Mən onların heyətində ölkə çempionu olmuşam, kubok qazanmışam. Ancaq bizim işimiz də hər oyunda qələbə qazanmaqdı. AZAL onsuz da çox xal itirib. İndi əvvəlki özünəinamı bərpa etmək vaxtıdı.
- Mətbuatda iddia olunur ku, AZAL “Bakı” ilə danışıqlara gedə bilər...
- Mən sizi əmin edirəm ki, AZAL belə yaltaq işlərlə məşğul olmur. Biz “Bakı”ya necə kömək edə bilərik ki, özümüzə 3 xal hava-su kimi lazımdı? Bunlar sadəcə şayiədi. AZAL danışılmış oyunlara getmir. Biz özümüz üçün oynayacağıq. Əgər qalib gəlsək, “Bakı”nı ilk “altılıq”dan kənarda qoya bilərik. Bu mənada bizim əsas olan qələbə və 3 xal qazanmaqdı.
- Mətbuatda o da yazılır ki, guya baş məşqçi Nazim Süleymanovla probleminiz yaranıb...
- Bütün bunların hamısı yalandı. Türkiyədəki toplanışın gedişində aramızda anlaşılmazlıq yaranmışdı. Ancaq heç bir problem yoxdu. İndi biz hər oyuna bir ailə kimi hazırlaşırıq. Təəssüf ki, hələlik zədəm olduğundan komanda ilə məşq edə bilmirəm.
- Martda yığmamızın növbəti toplanışı olacaq. Təklif alacağınıza inanırsız?
- Hər bir futbolçu üçün yığma - ən vacib, birinci komandadı. Mən də yığmada çıxış etməyi, hər oyun öncəsi ölkəmizin himnini dinləməyi çox istəyirəm. Hamıya uğurlar arzulayıram. Ancaq təklif gözləmirəm. Səbəbini bilməsəm də, milli komandanın baş məşqçisi Berti Foqts məni yığma komandada görmür. Ola bilər ki, nəsə səbəbi var. Mən də onun bu qərarına hörmətlə yanaşıram. Axı məni dəvət etmirsə, nə edə bilərəm ki?
