24 fevral 2011 13:53
Qarabağ`ın yeni qapıçısı debüt matçından danışdı
“Qarabağ”ın qış fasiləsində sıralarına qatdığı yeni futbolçulardan olan Bojan Pavloviç Premyer Liqanın son turunun “Gəncə” ilə oyununda ilk rəsmi matçını keçirdi. Azerisport.az xəbər verir ki, 24 yaşlı serbiyalı qolkiper debüt görüşündə Ağdam klubunun ardıcıl 6-cı qələbəsinə əla oyunuyla töhfə verdi.
Bəs görəsən, Bojan özü ilk oyunu və ümumiyyətlə, “Qarabağ” haqqında nə fikirləşir: “Təbii ki, ilk oyun olduğuna görə bir qədər həyəcan vardı. Amma bu, o demək deyil ki, özümə inanmırdım. Zənnimcə, ilk oyunumda pis durmadım. Seyvlərə gəlincə, qapıçının əsas işi qol buraxmamaqdı. Mən də öz işimi görmüşəm. İlk oyunda qapını toxunulmaz saxladığıma görə şadam. Komandamızın qələbəsi də cox vacib idi. Axı, meydanın vəziyyəti heç də ideal deyildi. İndi qarşıda “Turan”la oyun var. Rəqib alt sıralarda qərarlaşsa da bilirəm ki, kubokda onlara məğlub olmuşuq. Ona görə də təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq. Bu oyunda da qələbə qazanıb final mərhələsinə yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik”.
