24 fevral 2011 16:54
Mirbağır İsayev: Onların elita təcrübəsi olsa da…
Fevralın 27-də futbol üzrə ölkə çempionatının birinci divizionunda 16-cı tur çərçivəsində lider “Abşeron” əsas rəqiblərindən biri olan “Bakılı”nı qəbul edəcək. Azerisport.az xəbər verir ki, oyun saat 11.30-da Şəfa stadionunda keçiriləcək.
Olimpiya Yığma Komandalarının Təlim-məşq Mərkəzində hazırlığını davam etdirən “Abşeron” məsul matç öncəsi ikitərəfli oyun keçirib. Komandanın “Bakılı” ilə matça hazırlığı barədə məlumat verən baş məşqşi Mirbağır İsayev qeyd edib ki, rəqib komanda kifayət qədər güclüdü: “Onların yüksək liqada iştirak təcrübəsi var. Bu səbəbdən, düşünürəm ki, bizi qarşıda çətin və maraqlı qarşılaşma gözləyir. “Rəvan”la prinsipial oyundakı qələbəni artıq unutmuşuq. Hal-hazırda növbəti oyuna köklənmişik. Zədəli futbolçular olsa da, ümidvarıq ki, “Bakılı”ya qarşı oyunda onlar hazır vəziyyətdə olacaqlar”.
Qeyd edək ki, bu komandaların birinci dövrədəki oyunu 3:0 hesabıyla “Abşeron”un qələbəsi ilə başa çatmışdı.
