24 fevral 2011 18:09
Toni Adams: 6 və ya 7-ci yeri tutmağımızın heç bir fərqi yoxdu
“Qəbələ”nin baş məşqçisi Toni Adams azerisport.az saytına müsahibəsində komandasının ilk altılığa düşmək şanslarından və “Gəncə”ylə qarşıdakı görüşdən danışıb.
- Artıq ardıcıl ikinci oyunda komandanız öz oyununu göstərə bilmədi. Hansı ki, belə aqibətlə ötən ildə də üzləşmişdiz...
- Biz müdafiədə çox ciddi səhvlər buraxmağa başlamışıq. Bu problem hələ ötən ildən, daha doğrusu AZAL (2:2) və “Bakı” (0:1) ilə qarşılaşmalardan etibarən bizdə var. Özü də həm fərdi, həm də komanda şəklində səhvlər buraxırıq. Yadınızdadırmı bizim quru seriyamız? Bax indiki komanda həminkindən qat-qat fərqlənir.
- Digər tərəfdən yeni transferlər özlərini göstərə bilmirlər...
- Yeni transferlərə vaxt lazımdı. Murad Hüseynov zədəlidi. Nuran hələ gəncdi. Banquradan mən razıyam.
- Hesab etmirsiz ki, “Qəbələ”nin əsas problemi müdafiə yox, hücum xəttindədi? Son üç rəsmi oyunda komandanız qola həsrətdi...
- Əgər uduzuruqsa, burda hansısa ayrıca bir mövqenin yox, bütün komandanın günahı var. Müdafiədəki elə kobud səhvlərdən sonra komandanın özünə gəlib, qol vurması çətin olur. Bütün günahı forvardların üstünə atmaq da düz çıxmır.
- Sizcə, “Qəbələ”nin ilk altılığa düşmək şansı hələ də qalır, yoxsa yox?
- Bu mövsüm bizim qarşımıza belə vəzifə qoyulmamışdı. Heç mənim də planlarıma avrokuboklarda iştirak etmək daxil olmayıb. Bizim üçün 6-cı və ya 7-ci yeri tutmağın heç bir fərqi yoxdu. Biz hər oyun üçün qarşımıza xüsusi vəzifə qoyuruq.
- AZAL – “Bakı” oyunundan nə gözləyirsiz?
- Bu oyun məni qətiyyən maraqlandırmır.
- Klub rəhbərliyi son uğursuzluqlarınızı necə qəbul etdi?
- Onlar məni dəstəkləyirlər. Dediyim kimi, onlar mənim qarşıma hansısa yüksək yerlər tutmaq vəzifəsi qoymayıblar. Mənim rəhbərliklə heç bir problemim yoxdu.
- Bəs ikinci altılıqda nə edəcəksiz?
- Bizim üçün harda olmağımızın fərqi yoxdu. Əsası komandanı inkişaf etdirməkdi. Yeni futbolçularımızı yoxlayacağıq, onlara daha çox şans verəcəyik. Həmçinin kimlərin qalıb, kimlərin getməsinə qərar verəcəyik. Yeni mövsümün komandasını quracağıq.
