25 fevral 2011 01:17
Yığmamızın üzvləri buraxılan son 2 qola üzülür
Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda Azərbaycan milli komandasının Qazaxıstan yığması üzərində 6:3 hesabı ilə qələbə qazandığı görüşdən sonra millimizin bəzi üzvləri qarşılaşmayla bağlı fikirlərini dilə gətiriblər. Azerisport.az saytına açıqlamasında komandamızın təcrübəli qapıçısı Andrey Tveryankin bunları söyləyib:
“Oyuna heç də yaxşı başlamadıq. Öncə ağır oldu. Sonradan hər şey qaydasına düşsə də, biz heç də bacardığımz oyunu sərgiləyə bilmədik. Yəqin ki, bu da psixoloji yüklənmə ilə bağlıdı. Sonda buraxdığımız iki qol əhval-ruhiyyəmizi korladı. Bu, bir daha göstərir ki, hələ işləməliyik”.
Komandamızın braziliyalı legioneri Felipe isə çıxışlarını belə dəyərləndirib: “Oyun gözlənildiyi kimi, çətin alındı. Biz bu gün yaxşı oyun sərgilədik və layiqli də qələbə qazandıq. Əlbəttə, sonda buraxılan iki qola görə çox təəssüflənirik. Ancaq ən əsası odu ki, bu görüşü xeyrimizə başa vura bildik”.
