25 fevral 2011 11:44
Vitali Borisov: Oyuna necə başlamağımız o qədər də önəmli deyil
Futzal üzrə Azərbaycan yığma komandasının aparıcı üzvlərindən olan Vitali Borisov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsindəki şanslarımızı və rəqiblərimizi dəyərləndirib.
- Komandamız yenə qol buraxdıqdan sonra oynamağa başladı. Niyə?
- Hələ Bakıda təşkil olunan beynəlxalq turnirdə özbəklərlər, latışlarla görüşümüzdə də eyni ssenari yaşanmışdı. Yəqin ki, bizdə belə bir ənənə formalaşmağa başlayıb. Necə başlamağımız o qədər də önəmli deyil. Əsas yaxşı sonluqdu.
- Qazaxıstanın qapısına bu qədər çox qol vuracağınızı gözləyirdiz?
- Düzünü deyim ki, yox. Böyükhesablı qələbə gözləsəm də, belə olacağını gözləmirdim. Ancaq buna baxmayaraq, çox çətin oldu. Rəqibimiz həqiqətən güclü idi. Sadəcə biz öz qol vəziyyətlərimizdən əla yararlandıq.
- Hesab 6:1 olandan sonra qazaxlar meydana qapıçını əvəzləyən meydan oyunçusu da buraxmaqla iki qol vurmağa nail oldular. Halbuki, daha çox vura bilərdilər. Buna hazır deyildiniz?
- Hadisələrin belə inkişaf edəcəyinə hazır idik. Sadəcə onlar da çox yaxşı hazırlaşmışdı. Bu da onlarda yaxşı alındı.
- Demək olar ki, siz qrupdan çıxmaq yolunda əsas rəqiblərinizdən birini sıradan çıxardız?
- Şübhəsiz. Bu qələbə bizə çox lazım idi. Qazaxlar üzərində qələbə bizə çox kömək edəcək.
- İndi ispanlarla birinci və ya ikinci yer uğrunda rahatca mübarizə aparmaq olar?
- Yox, hələ bu haqda danışmaq tezdi. Məsələ burasındadı ki, qarşıda hələ ikinci turun oyunları var. İspaniya qazaxlarla, biz isə fransızlarla oynayacağıq. Heç kim heç kimə 3 xal bağışlamayacaq. Həm ispanların, həm də bizim çətinliklərimiz qabaqdadı.
- Fransızlarla oyundan nə gözləyirsiz?
- Hər şey ola bilər. Bizi çətin oyun gözləyir. Ən başlıcası fransızlarla dueldə itkiylə üzləşməməkdi. Ola bilər ki, rəqibimiz qazaxlar kimi taktiki cəhətdən elə də yaxşı hazırlıqlı deyil. Ancaq müdafiədə çox yaxşı oynayırlar, qapalı komandadı.
- Həmin müdafiəni necə yarmalı olacsız?
- Belə oyunlarda erkən qol böyük rol oynayır. Nə qədər tez qol vursaq, bir o qədər bizim üçün asan olacaq.
