25 fevral 2011 12:28
Şükürov 90 dəqiqə oynadı, komandası turnirlə vidalaşdı
Millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu Türkmənistanda keçirilən turnirdəki çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, Mahaçqala klubunun əvəzedici heyətinin göndərildiyi bu beynəlxalq turnir həmyerlilərimizin komandasının uğursuzluğu ilə müşaiyət olunub.
Belə ki, qrupdakı ilk iki oyunundan birində uduzub (Ermənistan “Qandzasar”ına 0:1), digərində isə heç-heçə edən (İranın “Aqap Qonbad” klubuyla 1:1) “Anji” yerli “Altın Asır” klubuyla dueldə də 0:2 hesabıyla məğlub olublar. İlk iki oyunda meydana sonradan daxil olan Şükürov bu dəfə 90 dəqiqə meydanda olub. Lakin Mahirin çıxışı da komandasına kömək etməyib və Mahaçqala klubu turnirlə erkən vidalaşıb.
Lakin komanda fevralın 28-nə kimi Türkmənistanda qalacaq və orda daha iki sınaq matçında qüvvəsini sınayacaq. Bu oyunlarda həmyerlimizin də iştirakı gözlənilir.
