27 fevral 2011 01:18
“Azərbaycan millisinin qol vura bilmədiyi oyunu xatırlamıram”
Futzal üzrə yığma komandamızın liderlərindən olan Maşado Nilson azerisport.az saytına müsahibəsində Fransa üzərində 4:2 hesablı qələbədən və bu günkü İspaniya ilə oyundan danışıb.
- Fransa Avropa futzalında yenilərdən olsa da, öncədən də gözləyirdik ki, onlarla oyunumuz asan olmayacaq. Ancaq buna baxmayaraq, biz özümüzü yaxşı tərəfdən göstərə bildik. Yaxşı oynadıq, sürətli və dəqiq paslaşırdıq.
- Niyə yığmamız adətən birinci yox, ikinci hissədə daha yaxşı oynamağa başlayır?
- Ola bilər belə görünür. Amma biz fransızlara qarşı hər iki hissədə əla oynadıq.
- İndi sizi İspaniya ilə oyun gözləyir...
- Ən yaxşı komanda kimi onlar qrupda birinci yeri tutmaq istəyirlər. Ancaq biz də öz şansımızı əldən vermək istəmirik. Qələbəyə oynamalıyıq. Fikrimcə, İspaniya və Braziliya yığmaları dünyanın ən yaxşı komandalarıdı.
- Dünyanın ən güclü komandasını udmaq istəyirsiz?
- Bunu kim istəməz ki? Biz meydan sahibiyik və doğma divarlar arasında məğlub olmaq istəmirik. Hətta ispanların qrupumuzun favoriti olmasına rəğmən. Axı elə bizim yığmamızda da oynamağı bacaran futzalçılar var.
- Onlar Bakıda bir dənə də qol buraxmayıblar...
- Mən Azərbaycan yığmasının qol vura bilmədiyi oyunu xatırlamıram. Biz ispanların da qapısına yol taparıq.
