27 fevral 2011 14:15
Andrey Tveryankin: İspanlara 10:9 hesabıyla qalib gəlsək, üzülmərəm
Futzal üzrə Azərbaycan yığmasının əsas qapıçısı Andrey Tveryankin azerisport.az saytına müsahibəsində Fransa üzərindəki qələbədən (4:2), eləcə də İspaniya ilə bugünkü qarşılaşmadan danışıb.
- Fransa ilə oyundakı qələbə asan başa gəlməsə də, sizi AÇ-nin final mərhələsinə çıxardı...
- Belə oynamağımızın səbəbini bilmirəm. Birinci dəfə deyil ki, belə qol vəziyyətlərindən yararlana bilmirik. Çoxlu qol vəziyyətləri yaradırıq, ancaq nəticəsi olmur. Hələ üstəlik öz qapımızdan da qol buraxırıq. Ancaq hər halda bu oyun çox şeyə aydınlıq gətirdi. Axı həm İspaniya, həm də Azərbaycan yığmasını final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etmək olar.
- Siz hələ qazaxlarla oyundan sonra da komandadan narazı qalmışdız...
- Ötən mövsümlə müqayisədə bizim əsas çatışmazlığımız ondan ibarətdi ki, oyunçularımızın əksəri müxtəlif klublarda çıxış edir və bir yerdə az oluruq.
- İspaniya ilə qarşıdakı oyunu necə dəyərləndirərdiz?
- Fikrimcə, bu oyuna xüsusi yanaşmaq lazımdı. Bu, artıq bir final oyunudu və heç bir komanda güzəştə getmək istəməyəcək. Kimin birinci yeri tutacağı isə daha çox azarkeşləri və rəhbərliyi narahat edə bilər. Bizim üçün sadəcə maraqlı bir oyun olacaq.
- Final mərhələsinə vəsiqə qazanmağımız sizi arxayınlaşdırmır?
- Qətiyyən. Əksinə, komandamızın hər bir üzvü görüşün məsuliyyətini dərk edir. İndi bizim üçün oynamaq daha rahat olacaq.
- Sizcə, Azərbaycan dünyanın ən güclü komandasına qalib gələ biləcək?
- Mən deməzdim ki, ispanlar Bakıda üstün oyun sərgiləyir. Biz də inamlı və sabit oynayırıq.
- Qazaxlardan 3, fransızlardan 2 qol buraxdınız. Qorxmursuz ki, ispanlar daha çox qol vura bilər?
- İstənilən halda qələbə daha çox qol vuran komandanın tərəfində olacaq. Əgər biz 10:9 hesabıyla qalib gəlsək, mən üzülmərəm.
