27 fevral 2011 12:14
Hacıyev Mahirin durumu və Bakıya səfərdən imtinaları haqda danışdı
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev azerisport.az saytına müsahibə verib. O, söhbətindən millimizin üzvü Mahir Şükürovun durumundan, Bakıya planlaşdırılan səfərlərinin niyə həyata keçirilməməsindən danışıb.
Təcrübəli mütəxəssis bəyan edib ki, Mahir Mahaçqala klubunun əvəzedici heyətlə Türkmənistanda keçirilən turnirə göndərilsə də, əsas heyətin oyunçusudu: “Burda nə var ki? Şükürov “Anji”nin əvəzedici heyətinə kömək edir. Çünki Türkmənistanda ciddi turnirdə iştirak edirlər. Səfər öncəsi əvəzedici komandamızın heyətlə bağlı problemi vardı. Şükürovun mövqeyində oynayası heç kim yox idi. Buna görə də belə qərara gəldik ki, Mahiri onlarla göndərək”.
Hacıyev onu da bildirib ki, Şükürov ötən mövsümkü çıxışı ilə bütün ümidləri doğruldub və o yenə komandaya lazımdı: “Hələ ötən mövsüm Mahir kifayət qədər yaxşı oyun sərgilədi. Düzdü, onun oyununda qeyri-sabitlik olurdu. Ancaq hesab edirəm ki, o, “Anji”yə lazımlı futbolçudu. O, əsas heyətin oyunçusudu və həyəcanlanmağa da gərək yoxdu. O, yeni mövsümdə də məhz komandamızın əsas heyətində oynamış olacaq”.
Bəs görəsən, “Anji”nin Bakıya planlaşdırılan səfərinin ləğvi nə ilə bağlıdı? Hacıyev bu məsələyə də münasibətini açıqlayıb: “Mənim komandanı Bakıya gətirmək planım var idi. Danışıqlar zamanı hətta sizə də demişdim ki, əgər dəvət edən olsa, məmnuniyyətlə komandamı ölkənizə gətirəcəm. Həta komandalarınızdan biriylə yoldaşlıq oyunu da keçirməyi düşünürdüm. Lakin görünür qismət deyilmiş. Mümkündü ki, gələcəkdə olsun”.
“Sadəcə, bu dəfə sizin klubların heç birindən təklif olmadı. Öncə deyilirdi ki, Bakıya səfər reallaşacaq. Bizi hansısa komandanız dəvət etməli və bazasında yerləşdirməliydi. Rəsmi təklif olmayınca, bu da baş tutmadı. Rəsmi təklif yoxdusa, deməli biz də gələ bilməzdik. Ola bilər ki, onların sadəcə vaxtı olmayıb. Başlıcası odu ki, gələcəkdə yenə belə şansımız olacaq” – deyə Hacıyev qeyd edib.
