27 fevral 2011 00:46
Mirça Rednik: Biz özümüzü lənkəranlı hesab edirik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik azerisport.az saytına müsahibəsində Premyer Liqanın 22-ci turunun “İnter”lə oyunu və digər məqamlarla bağlı düşüncələrini paylaşıb.
- Sizi sabah necə oyun gözləyir?
- Rəqibimiz son turlar çox yaxşı nəticələr qazanır. Ancaq mən komandama inanıram və əminəm ki, qələbə qazana biləcəyik. Maraqlı oyun olacaq.
- “İnter” “Şəfa”nın süni örtüyündə oynamağ alışıb. Bu fakt yetirmələrinizə problem yarada bilərmi?
- Əlbəttə, onlar üçün süni örtükdə oynamaq daha rahatdı. Rusiyadakı turnir də (Birlik Kubokunu nəzərdə tutur – red.) göstərdi ki, süni örtükdə oynamaq bu komanda üçün heç də problem deyil. Bizim futbolçularımız da hamısı yüksək səviyyəlidilər və şəraitə tez uyğunlaşırlar. Hər halda biz də iki gün belə qazonda məşq etmişik.
- “İnter”lə Lənkərandakı oyundan hansı xatirələriniz qalıb?
- Həmin oyunda bərabər səviyyəli oyunun şahidi olmuşduq. Amma fikrimcə, bizim daha çox qol vəziyyətimiz və qələbə qazanmaq şansımız olmuşdu.
- Bəs Kaxaber Sxadadze ilə münaqişəniz?
- Belə bir hadisəni xatırlamıram (gülür). Əgər Sxadadzeni AFFA 5 oyunluq cəzalandırırsa, texniki zonanı tərk edirsə, bu, mənim yox, onun öz günahıdı. Yeri gəlmişkən, komandamız Antalyada hazırlıq keçərkən mən “İnter”in baş məşqçisinə yaxınlaşıb, diskvalifikasiya olunduğuna görə təəssüfümü bildirdim. Bütün problemlər yerindəcə unuduldu. Məsələ burasındadı ki, ingilis dilini hamı bilir, rumınca isə yox. Sxadadzenin söyüşlərini isə hamı başa düşdü (gülür).
- “İnter”lə oyun prinsipiallığına görə fərqlənir?
- Bu, çempionatın ikinci mərhələsi ərəfəsində son rəqibimizdi. Oyun həm də “İnter” üçün çox vacibdi. Hər iki komanda yalnız qələbə haqda düşünür.
- “Neftçi” və AZAL ilə oyunlardakı heyətləriniz fərqlənirdi. Optimal heyəti hələ də müəyyənləşdirə bilməmisiz?
- Mənim əlimin altında çoxlu futbolçu var. Ancaq burda söhbət heç də optimal heyətdən getmir. Mən bu planda bütün futbolçularıma güvənirəm. Sadəcə mən taktika və oyunçuları rəqibə baxaraq seçirəm. “İnter”lə oyunda da bizim heyətdə yeni dəyişikliklərimiz olacaq. Bizdə hər kəs oynamağa hazırdı, sadəcə Alim Qurbanovdan başqa. Onun sarə vərəqə limiti dolub.
- Elnur Abdullayevi komanda üçün ən faydalı futbolçu saymaq olar?
- Kimisə xüsusi qeyd etmək istəmirəm. Bütün oyunçulara eyni gözlə baxıram. Elnura gəlincə, o, Azərbaycanın ən yaxşı yarımmüdafiəçilərindən biridi. O, mütləq yığmada oynamalıdı.
- Çempionatın son turunda “Neftçi” ilə qarşılaşacaqsız...
- Mənim üçün kimin liderlik etməsi o qədər də önəmli deyil. Əsas odu ki, Premyer Liqanın sonunda kim birinci olacaq? Buna görə də indi sizin sualınıza cavab vermək istəmirəm. Hər oyuna mərhələlərlə hazırlaşırıq.
- “Xəzər Lənkəran”ı “Xəzər Buxarest” adlandırmağa başlayıblar. Buna necə baxırsız?
- Komandada Buxarestdən 3 oyunçu var. Qalanları Rumıniyanın digər şəhərlərindən və başqa ölkələrindəndi. Mənim komandam “Xəzər Lənkəran”dı və hər kəs onun üçün çalışır. Biz özümüzü lənkəranlı hesab edirik və bu ad uğrunda, bu şəhərin fəxri üçün döyüşürük. Ona görə də “Xəzər Buxarest” söhbətini yersiz hesab edirəm.
- Rumıniya Futbol Federasiyası sizin adınızı millinin baş məşqçisi postuna namizədlər arasına daxil edib. Reaksiyanız necə oldu?
- Çox normal. Çünki mən iki ən güclü klubla Rumıniya çempionu olmuşam, superkuboku qazanmışam. Vətənimdə ən yaxşı məşqçilərdən hesab olunuram. Buna görə də heç bir təəccüblü məqam görmürəm. Ancaq mənim “Xəzər Lənkəran”la müqaviləm var, hansı ki, yayda başa çatacaq. Məhz ondan sonra nəsə danışmaq olar.
