28 fevral 2011 14:55
Diniyevdən səmimi etiraflar: Mənəvi cəhətdən çox çətin idi
Futbolçu və məşqçi kimi Azərbaycan millisinin uğurları üçün çalışmış Şahin Diniyev daim mətbuat üçün maraqlı simalardan olub. Azerisport.az xəbər verir ki, vaxtilə millimizin kapitanı olan veteran futbolçu daha sonra komandamızın sükanı arxasına da keçdi. Millidən ayrıldıqdan sonra isə Qroznıya üz tutan həmyerlimiz hazırda işsizdi. Elə Diniyev bu müsahibəsinə də həmin “Terek” karyerasından danışmaqla başladı.
- Futbol karyeramın böyük hissəsi məhz “Terek”lə bağlıdı. Futbolçu kimi İsraildə də oynamışam, amma Qroznının ürəyimdə yeri tam başqadı. 1992-ci ildə “Terek”lə futbolçu kimi müqavilə imzaladım. İl yarım Qroznıda futbol oynamaqdan zövq aldım.
- Futbolçunun məşqçiyə çevrilməsi çətin prosesdi. Maraqlıdı, məşqçiliyə necə başladınız?
- İnsan gərək yaxşılığı unutmasın. Onurğa sütunumda olan problemə görə 1996-cı ildə futbola “əlvida” deməli oldum. Uzun müddət İsrail, Ukrayna, eləcə də, Azərbaycanda müalicə aldım, nəticə olmadı. O vaxt AFFA-nın keçmiş prezidenti Fuad Musayev məni U-16-ya - baş məşqçi Vaqif Paşayevə köməkçi təyin etdi. Demək olar ki, ilk addımlarıma görə Vaqif Paşayevə borcluyam. Sonra U-18-də Vaqif Sadıqovun yanında işlədim. O da mənə dəstək olan insanlardandı. Hər iki məşqçiyə təşəkkür etməyi özümə borc bilirəm. Sonralar gənclərdən ibarət yığmada, klublardan isə “Şəfa”, “Qarabağ”, “Gəncə”də işlədim.
- Siz “Terek”in əvəzedici heyətinə baş məşqçi təyin olunmuşdunuz, amma 5 oyun əsas komandada da baş məşqçi vəzifəsini icra etdiniz….
- Əvəzedici komandayla işlərim yaxşı gedirdi. Qroznıda olduğum vaxtda səhər saat 6-da telefonuma zəng gəldi və təcili olaraq, Kislovodskiyə getməli olduğumu dedilər. Bir saat ərzində yola düşdüm. Artıq orada mənə dedilər ki, “Terek”in prezidenti Ramzan Kadırov mənim müvəqqəti olaraq, əsas komandada baş məşqçi olmağımı istəyib. Rusiya Premyer Liqasının səviyyəsi çox yksəlib. Ona görə “Terek”də işləmək mənim üçün çox faydalı oldu.
- Rusiyada azərbaycanlı məşqçi üçün işləmək nə dərəcədə çətindi?
- Ümumiyyətlə, xaricdə işləməkdən ötrü məşqçi yerli mentalitetə uyğunlaşmalı və dil problemi yaşamamalıdı. Digər məsələlər peşəkar məşqçi üçün problem sayılmır. Sovet futbol məktəbinin nümayəndəsi olduğumdan ciddi bir problem yaşamadım. Sevinirəm ki, “Terek”də layiqli şəkildə işimi başa vurdum. Bu gün də klub rəhbərliyilə dostluq münasibətimiz var. Mənəvi cəhətdən çox çətin idi. Ailə qayğılarıyla əlaqədar tez-tez evə gəlməli olurdum. Böyük oğlum ali məktəbə qəbul olub və buna görə artıq evdə olmalıydım. Azərbaycan mətbəxi üçün darıxırdım. Evə gələndə o qədər yeyirdim ki, Qroznıya qayıdanda çəkimin 2-3 kiloqram artıdığını görürdüm.
- Bizim məşqlər Rusiyadakı hazırlıqdan nə dərəcədə fərqlənir?
- 2005-ci ildən Azərbaycanda heç bir klubda işləməmişəm. Ona görə bizim klubların son məşqlərindən xəbərim yoxdu. Amma Rusiyada məşqlərin daha ağır keçdiyini deyə bilərəm. Orada məşq boyu futbolçunun marağını artırmağa çalışmalısan. “Terek”də 5-6 ölkənin yığma futbolçusu oynayır. Həmin futbolçular məşqdə oyunun ləzzətini almaq istəyir.
- İkinci dəfə “Terek”ə qayıdışınız məşqçi kimi oldu….
- Görünür, qismət bu imiş. 7-8 ildən bir “Terek”ə qayıdıram. Növbəti dəfə 2001-ci ildə Qroznıya getdim, sonuncu dəfə isə 2008-ci ildə “Terek”ə yollanmağım məsləhət oldu. 2001-ci ildə ailə həyatımda baş verən faciə çox şeyi dəyişdi. Avtomobil qəzası zamanı həyat yoldaşımı itirdim. Sanki həyatdan küsmüşdüm. Heç məşqçilik də eləmək istəmirdim. Komandanın o vaxtkı baş məşqçisi Haydar Alxanov zəng vurub dedi ki, mən nazir gedirəm, istəyirəm komandanı sənə tapşırım. Dedim ki, işləmək istəmirəm. Sonradan başqa insanlar vasitəsilə ailəmdə baş verən faciədən xəbər tutdu. Məni Kislovodska istirahət etmək adıyla çağırdı.
- Amma sonradan “Terek”in sükanı arxasına keçdiniz….
- Sanatoriyada istirahət etdiyim vaxtlarda “Terek”in cəmi 4 futbolçusu var idi. O vaxt “Terek” 2-ci liqada çıxış edirdi. Müharibə başa çatmadığından futbolçuların çoxu bu klubda oynamaq istəmirdi. İnanın, bir həftəyə artıq sərəncamımda seçim üçün 40 futbolçu var idi. Bəzilərinə böyük məvacib verməklə komandaya gətirmişdilər.
- Yeri gəlmişkən, deyilənə görə Çeçenistanın keçmiş prezidenti Cöhər Dudayev o vaxt sizə maşın bağışlayıb…
- Doğru məlumatdı. 1992-ci il noyabrın 28-də Bakıda toyum oldu. O vaxt mobil telefon və ya faks yox idi. Səhəri gün prezident Cöhər Dudayevdən təbrik teleqramı gəldi. Onu indiyə qədər də evdə saxlamışam. Təbrikin sonunda mənə “Mersedes” markalı maşın bağışladığı qeyd olunmuşdu.
- “Terek” indi məşhur Ruud Qullitə tapşırılıb. Bu reklamdı, yoxsa böyük hədəflər uğrunda təyinat?
- Ruud Qullitin Hollandiyadan Qroznıya gəlməsi, istənilən halda, reklamdı. Bu işi görən insanlar da başa düşür ki, “Terek”i indi daha çox adam tanıyacaq. Amma reklam marta qədər olacaq. Yeni çempionat başlayan kimi nəticə istəyəcəklər. “Terek” azarkeşləri Qulliti sevməklə yanaşı komandalarının qələbəsini də istəyir. Ona görə hər bir təyinatın arxasında nəticə olduğunu unutmaq olmaz. Yəqin ki, Qullit 5-6 turdan sonra nəsə göstərməli olacaq. Sizin vasitənizlə “Terek”ə uğurlar arzu edirəm. Uzaqda olsam da, onların qələbələri üçün çox sevinəcəm.
Mənbə: “Qəbələ FK”
