28 fevral 2011 16:03
Neftçi`nin B komandası yaradıldı
Hazırda “Neftçi”də müxtəlif yaş qrupları üzrə komandalarında 450-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Azerisport.az xəbər verir ki, onların içərisində bir çox istedadlı futbolçu top qovur.
Məhz həmin perspektivlilərin üzə çıxarılması məqsədilə “Neftçi”də klub rəhbərliyinin qərarı ilə B komandası yaradılıb. Bundan sonra 1992-96-cı il təvəllüdlü perspektivli futbolçular B komandasının məşqlərində iştirak edəcəklər. Daim perspektivli yerli futbolçulara qayğı göstərən klub rəhbərliyi B komandasını yaratmaqla, istedadlı yerli futbolçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür.
B komandasına cəlb olunacaq futbolçular, təcrübəli mütəxəssis Nazim Əliyev və komandanın fiziki hazırlıq üzrə məşqçisi Mehmet Akın rəhbərliyi altında keçiriləcək məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Onlar bu məşqlərdə iştirak etməklə, gələcəkdə əsas komanda da tətbiq edilən oyun modelini də dərindən mənimsəyəcəklər. Beləliklə gələcəkdə onlar əsas komandanın üzvlərinə çevrildikdə yeni sistemə uyğunlaşmaq problemi ilə qarşı-qarşıya qalmayacaqlar. Həftə ərzində baş tutacaq məşqlərdə iştirak edəcək gənc futbolçular, oyunlar zamanı komandalarının düşərgələrinə qatılacaqlar. Qeyd edək ki, hər həftə baş tutacaq B komandasının məşqlərində 30-a yaxın istedadlı gənc futbolçu iştirak edəcək.
