1 mart 2011 13:05
Millimizin daha bir üzvü Mahirə komanda yoldaşı oldu
Emin Ağayevlə Vaqif Sadıqovun da çalışdığı, millimizin müdafiəçisi Mahir Şükürovun formasını geydiyi Rusiyanın “Anji” klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu əslən dağıstanlı olan təcrübəli hücumçu Şamil Lahiyalovu 4 illik fasilədən sonra geri qaytarıb.
Qeyd edək ki, Lahiyalov azərbaycanlı futbolsevərlərə də yaxşı tanışdı. Vaxtilə Azərbaycan yığmasına da cəlb olunan bu futbolçunun son klubu “Krasnodar” olub. Lakin sözügedən komandayla müqaviləsini pozan Şamil xeyli müddət idi ki, “Anji”yə keçməyə çalışırdı ki, bu yöndə problemlərlə üzləşmişdi. Nəhayət, həmin problemləri yoluna qoyan tərəflər rəsmi anlaşma əldə ediblər.
