1 mart 2011 16:38
Fərhad Vəliyev: Bu mövsüm çempion olmaq ikiqat çətindi
“Qarabağ”ın və milli komandamızın qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 22-ci turu çərçivəsindəki “Turan”la oyunda əvəzlənməsindən və komandasının çempionluq şanslarından danışıb. O, bildirib ki, Tovuz klubuyla dueldə əvəzlənməsinə zədələnməsi səbəb olub:
“Mən öz yerimi Bojan Pavloviçə verməli oldum. Çünki epizodların birində zədə aldım. Başlıcası qələbə idi ki, ona da nail olduq. Təbii ki, zədəmə görə əhvalım korlandı, ancaq ciddi bir şey olmadığı məlum oldu. Həkimlər uzağı iki günə məşq edə biləcəyimi deyir”.
Fərhad Vəliyev ona əvəzləyici kimi gətirilən Pavloviçin alınmasına da münasibət bildirib: “Məndən başqa Sahil Kərimov da var idi. İndi komandada daha bir qapıçı var. Bu transfer komandamızda əla rəqabət yaradıb. Heç kim öncədən deyə bilməz ki, növbəti oyunda meydana kim çıxacaq. Mən də bu rəqabətə tam hazıram. Çoxları elə düşünür ki, yeni qapıçının gəlməsi bizə pis təsir edəcək. Amma bu, belə deyil. Pavloviç də yaxşı qapıçıdı. Hamımız birgə çalışırıq ki, “Qarabağ” mümkün qədər az qol buraxsın. Kimin oynamasına isə baş məşqçimiz qərar verir. O, dəqiq bilir ki, kim daha yaxşı hazırlıqlıdı. Mənim üçün də komandanın uğuru daha vacibdi. “Qarabağ”ın qapısında kimin durması məni elə də narahat etmir. Rəqabətdən də qətiyyən qorxmuram”.
“Qarabağ”ın bütün futbolçuları avrokuboklara vəsiqədən danışsa da, vitse-prezident Tahir Gözəl komandasından çempionluq gözləyir. Bəs görəsən, Vəliyev şanslarını necə dəyərləndirir: “Biz təbii ki, çempionluğu da yaddan çıxarmırıq. Onu da bilirik ki, bu mövsüm çempion olmaq ikiqat çətindi. Axı “Neftçi” və “Xəzər Lənkəran”ı qabaqlayıb, turnir cədvəlinin zirvəsini ələ keçirmək heç də sadə məsələ deyil. Fikrimcə, çempion son turda müəyyənləşəcək. Bizim də qızıl medalları qazanmaq üçün əla şansımız var. Bunun üçün isə “altılığ”ın bütün oyunlarında qələbə qazanmalıyıq. Kubokdan çıxdıqdan sonra tamamilə çempionata köklənmişik. Hər komanda mümkün qədər üst pillələrdə qərarlaşmaq istəyir. Ancaq indidən hələ heç nə demək olmaz. Bizim əsas vəzifəmiz avrokuboklara düşüb, azarkeşlərimizi yenidən sevindirməkdi. Çempionluğa isə ilk altılığın bütün üzvlərinin şansı var, eləcə də bizim”.
