1 mart 2011 18:56
Nobre yığmamıza qarşı forma geymək istəyir
Türkiyənin “Beşiktaş” klubunun aparıcı hücumçusu Mert Nobre “ay-ulduzlu” komandadan təklif gözləyir. Azerisport.az xəbər verir ki, braziliyalı olmasına rəğmən, qardaş ölkənin vətəndaşlığını daşıyan təcrübəli forvard Türkiyə millisinin baş məşqçisi Qus Hiddinkə mesaj göndərməyi də yaddan çıxarmayıb.
“Beşiktaş”ın mart ayı üçün çıxan jurnalına danışan Nobre Türkiyə yığmasında oynamağın onun çoxdankı arzusu olduğunu dilə gətirib: “Hər futbolçu kimi mən də milli komandanın formasını geymək istəyirəm. Amma o formanı geyə bilmək, komandaya daxil edilmək məşqçilərin işidi” – deyə hücumçu Hiddinkə səslənib.
Qeyd edək ki, uzun illərdi Türkiyədə top qovan Nobre “Beşiktaş”a kimi “Fenerbahçe” forması da geymişdi. 30 yaşlı futbolçunun “ay-ulduzlu” komandaya götürülməsi inandırıcı görünməsə də, bu, baş versə, Mert AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına da qarşı oynaya bilər.
