1 mart 2011 12:43
AFFA-dan Xəzər Lənkəran`a sərt cəzalar
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində Premyer Liqanın təsnifat mərhələsinin sonuncu – 22-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
AZAL – “Bakı” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Gəncə” matçının 41-ci dəqiqəsində “Gəncə”nin futbolçusu Ramal Hüseynov hakimin qərarı ilə razılaşmadığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“İnter” – “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyun zamanı “Xəzər Lənkəran” azarkeşləri yerləşdikləri sektorda oturacaqları (15 oturacaq) sındırdığı üçün “Xəzər Lənkəran” klubu dəymiş zərərə uyğun olaraq “İnter” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin. Matçın 81-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Mihai Teja texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
